Kənan MM
19 fevral 2026 16:16 (UTC +04:00)

Kənan MM

Kənan MM-in "leksik intiharı": Sosial şəbəkələrin söyüş dağarcıqları

0

Ziyafətlərdə 20-30 çəngəl-bıçaqla yemək yeyən, rəsmi məclislərdə Hollivud ulduzu kimi davranan, tribunalarda patriot, sosial verilişlərdə xeyriyyəçi olan çoxlarını görmüşük ki, 1-2 tənqid, ya barələrində gəzən söz-söhbətlərə reaksiyalarında dönüb olublar, tutalım, məhəllənin başında dayanıb gəlib-gedənə yeni öyrəndiyi söyüşləri söyən yaşıl finkalı uşaqlara.

Elə birini mən deyim. Gənc yazıçı Orxan Saffarinin tənqidinin qarşılığında Kənan Mahmudov (Kənan MM) ən ağır söyüşləri, ən aşağı təhqirləri edib. Sosial şəbəkələrlə bağlı qanun da qəbul edilib, xeyiri yoxdur. Yayılan bu söyüş ritorikasının ardı-arası kəsilmir.

Cilalanmış obrazların, bər-bəzəkli kəlmələrin arxasından qəfil boylanan "mənəvi lümlütlük". Əslində, bu, illərdir tikilən "ziyalı" və ya "sənətçi" binasının bir küləklə kağız kimi uçub getməsidir. Dünənə qədər ekranlarda vətənpərvərlikdən, mənəviyyatdan, "kişilik məktəbindən" dəm vuran birinin, bircə tənqidi yazı qarşısında "leksik intihar" etməsi, bu qədər aşağı düşməsi bunların nə qədər içiboş, populist olduğunu göstərir. 

Kənan MM və onun kimilər elə zənn edirlər ki, ən aşağı təhqirləri yağdırmaq onlara hansısa "məhəllə xarizması" qazandırır, "yaxşı oğlan" statusunu artırır.

Kənan MM tək deyil. Onlarla tanınmış insan - media nümayəndəsindən tutmuş sənət adamlarına, siyasətçilərə qədər sosial şəbəkələrdə söyüş burulğanına düşüb ağızlarına gələni yağdırırlar. Görünən odur ki, bir-neçəsi məsuliyyətə cəlb edilməsə, düzəlməyəcək.

Tənqidə təhqirlə cavab verməmək və ya ümumiyyətlə, cavab verməmək zəiflik deyil. Zəiflik söyüşdən başqa deyəcək bir sözünün, arqumentinin olmamasıdır. Hansısa məşhurun kimisə təhqir etməsi məsələni gündəmə çevirir. Məsələn, Kənan MM təhqir etməsə idi, Orxanın o yazısını az adam görəcəkdi, görənlərin də çoxu “əşi, Orxandı da, yenə kimisə tənqid edir” deyib keçəcəkdi. Amma məhz Kənan MM-in o təhqirlərinə görə, hamı o yazını oxudu. Kim bilir, bəlkə də, onların arasında Orxanın yazısına xeyli haqq verən də tapıldı.

O adamlar bu cəsarəti haradan tapırlar? Kimə, nəyə güvənirlər? Bax, bu iki suala cavab tapmaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar