Ağdam şəhəri
29 may 2021 17:53 (UTC +04:00)

Ağdam şəhəri

İndinin Hirosiması, gələcəyin göz oxşayan şəhəri - AĞDAMDA GÖRDÜKLƏRİM

Dünən, hamımız üçün əziz Respublika günündə Qarabağın Ağdamında ikiqat bayram oldu, çox mühüm təməlqoyma mərasimi keçirildi. Prezidentimiz orada-düşmənin tamam dağıtdığı, indi daha çox Hirosimanı xatırladan şəhərdə, gələcəyin xəyali görüntüsünü cızdı, bir-neçə mühüm obyektin təməlini qoydu. Sonra da, Ağdam camaatının, içi mən qarışıq, bir qrup nümayəndəsilə birlikdə şəhərin artıq hazır olan baş planını müzakirə etdi.

Təməlqoyma mərasimləri öz yerində, amma ən böyük təəssüratı, elə sonuncu görüşdən aldıq. İstənilən görüşün dəyəri, onun baş tutması ilə yanaşı, iştirakçılarda oyatdığı təəssüratla və bir də ki, o təəssüratın davamı kimi, görülən işlərlə ölçülür.

Əvvəlcə, görüşün ab-havası barədə... Əslində, protokol xarakterli bu rəsmi görüş Prezidentimizin verdiyi məlumatdan və çıxışçıların dediyi sözlərdən sonra, tam qeyri formal məcraya düşdü. Layihələrlə tanışlıq mərhələsində isə, tam səmimi, dostyana söhbətə çevrildi.

Çox məsələləri müzakirə etdik, aramızda fikir mübadiləsi oldu. Mənə elə gəlir ki, nədənsə nigaran qalan, düşündüklərini dilə gətirməyən kimsə olmadı...

Bu söhbətləri izlədikcə, Prezidentimizin üzündə dərin maraq ifadəsi görürdüm, elə bil, bütün görkəmi ilə ağdamlıları danışmağa dəvət edir, onlardan səmimiyyət umur, xalqı eşitməyə çalışırdı. Belə maraq, bütün nəsillər üçün iş görməyə çalışan insanların mimikasında olur.

Söhbətlərdən aydın oldu ki, bu layihə üzərində iş xeyli vaxtdır gedir, bütün mümkün variantlar şəxsən Prezidentin özü tərəfindən nəzərdən keçirilib, onlar üzərində zəruri düzəlişlər aparılıb və ən başlıcası da, hiss etdim ki, bütün məsələlərdə camaatın istəyi ilə real şəraiti maksimum uzlaşdırmağa çalışıblar.

Prezident dedi, elə bir şəhər salırıq ki, nəinki Azərbaycanın, hətta dünyanın gözü onda qalacaq, hamı ona bənzəməyə çalışacaq. Mən buna inanıram, çünki bu məsələdə bütün görüş iştirakçılarının fikri üst-üstə düşürdü. Məsələ bundadır ki, biz Ağdamı indi yaşayan insanlar üçün salmırıq, axı, övladlarımız, nəvələrimiz üçün salırıq. Ağdam elə bir şəhər olmalıdır ki, nəinki indi, hətta, yüz il sonra da, dünya üçün müasir olsun, hamı ona həsəd aparsın və biz də çalışaq ki, bütün Qarabağı, sonra da, Azərbaycanımızın hər yerini bu tərzdə yenidən quraq.

Çox vacib olan məsələlərdən biri də, ağdamlılara şəxsi təsərrüfat üçün ayrılan torpaqların nəzərdə tutulan 6-8 sotdan, 18 sotadək artırılmasıdır. Bu rəqəmləri sizə izah edim, nə qədər mühüm olduğu aydınlaşsın. Bilirsiniz ki, keçmiş sovet dövründə ev tikmək üçün ailə başına ayrılan torpaq hər yerdə 5-6 sot olurdu və böyüyüb, ailə qurmaq istəyən cavanlara dövlət fondundan əlavə torpaq ayrılması həllolunmaz bir problemə çevrilirdi. 18 sot isə, torpaqdan rasional istifadə edəndə, təxminən üç evlik torpaq deməkdir. Belə məsələlər görüşdə çox səsləndi, bəziləri anında həll oldu, digərləri isə əlavə araşdırmalar tələb edirdi...

Nə isə, mən hələ, dövlət başçısı ilə adi adamlar arasında belə isti, komplekssiz görüş görməmişdim və təbii ki, çox sevinirdim. Bilirsiniz niyə? Çünki insanların Prezidentlə dərd bölüşməyə, sadəcə, hal-əhval tutmağa ehtiyacı olan kimi, dövlət başçısının da, eyni ehtiyacları var və belə görüşlər, belə isti söhbətlər insanlar arasında səmimiyyətin yaranmasına, gələcəyə inamın artmasına səbəb olur. İnsan da, inananda, daha güclü olur, gördüyü işə can qoyur. Belə münasibət həm də, bizim məmur ordusuna örnəkdir, heç vaxt unudulmayacaq örnək...

Ağdamdakı bu görüşün səmimiyyəti bəlkə də, bir ilk idi. Amma, inanıram ki, belə səmimiyyət üzərində tamam yeni münasibətlər sistemi qurulacaq və bu münasibətlər hamının can atdığı daha gözəl gələcəyimizi yaxınlaşdıracaq. Prezident öz xalqının övladıdır və həmişə xalqla bir olmalıdır. İnsanlar arasında dövlət başçımızın umduğu səmimiyyət olanda, belə görüşlərin hər dəqiqəsi ortadakı inamı, əminliyi möhkəmlədir. Belə qarşılıqlı inam isə, qalib ölkənin fədakar xalqına da, onun rəhbərinə də, çox yaraşır...

Mənim Ağdamdakı görüşdən əxz etdiklərim bunlardır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

İlqar Əlfi

Oxşar yazılar