Ətrafı bürüyən “briyani” iyi, sarilər, xınalar…
Lent.az-ın əməkdaşları “Şərq bazarı”nda, Hindistan sərgisindədir. Hər il fərqli məkanlarda keçirilən bu cür sərgi artıq Bakıda 9-cu dəfədir təşkil olunur. Adını eşidən kimi marağımız bizi sərgiyə baş çəkməyə təşviq etdi.
Sərgi “Şərq bazarı”nın ikinci mərtəbəsindədir. İçəri ayaq basandan hind musiqiləri qulağımızda səsləndi. Budur, başında sarı rəngdə Hindistanın milli sarğısı olan bir kişi əyləşib, qucağında da zərb aləti. Səhnədə isə orta yaşlı bir qadın karaoke ilə mahnı oxuyur. İçəriyə doğru irəliləyirik. Qarşımıza bəzək və zinət əşyaları çıxır. Hindistan bijuteriyasının dünyada qədimi olması heç kəsə sirr deyil. Qadınlar üçün isə o ölkədə bəzək əşyası dini rituala bərabər hesab olunur. Doğrudan da burada satılan əşyalara baxıb hind zərgərliyinin yaratdıqlarına heyran qalırsan. Hətta oralarda belə bir deyim var ki, qulaqda böyük və ağır sırğalar qadının cəmiyyətdəki sosial statusundan xəbər verir. Həmçinin xüsusi bağlarla saçlara bərkidilən ağır sırğalardan da istifadə edənlər var.
Satıcı xanımdan qiymətləri soruşuruq. Boyunbağılar, xalxallar, saçdan asılan bəzək əşyası, üzük və sırğalar – bir sözlə hər cür gözəllik əşyaları 1 manatdan 100 manata qədər məbləğdə satılır. Təbii daşlar 50-60 manata təklif olunur. Onu da qeyd edək ki, Hindistanın 40-dan çox şirkətinin sərgiyə gətirdiyi çay, ədviyyat, düyü, geyim və tekstil əşyaları da var.
Əfsanəvi Hindistan düyüsünün ətrinə söz ola bilməz. İnsanı cəlb edir. Qiyməti isə 10 manatdan başlayır. Ədviyyatlardan istiot, sarıkök, briyani, darçının ətri gəlməsə də, qiymətləri münasib idi. Bundan başqa, təbii xınalar 5 manata satılır. Üstəlik, qarabuğdayı gənc xanıma əlin üzərinə xına çəkdirənlər də az deyildi. Necə də zərif, səliqəli və gözoxşayan naxışlardır. Sanki qələmlə çəkir. Hələ şal və sarilərə də maraq saldıq. Ahmad adlı satıcı bizə dedi ki, bunlar sintetik materialdan olduğu üçün qiyməti ucuzdur. Əsl kəşmir olsa idi, qiyməti 20-30 manatdan baha olacaqdı.
Dəriyə qulluq və kosmetik vasitələrin satıldığı piştaxtaya yaxınlaşırıq. Əl, üz üçün gündüz və gecə kremləri, şampunlar, dəriyə qulluq maskaları və s. Ürəyiniz nə istəyir, hər cür qiymətə məhsul var burada. 10 manatdan 50 manata qədər. Yenə də süni qiymət artımı… Gənc satıcı ilə söhbət edəndə məlum oldu ki, onun atası bu sərginin təşkilatçısıdır. Qiymətin bahalığından şikayətlənən alıcı qadın bizə “İndi belə bahadır e. Sərginin bitməsinə az qalmış, ya da son günü qiymətlər çox aşağı düşür”, - dedi. Onun yanındakı qadın onun sözünü təsdiqləyərək, əlavə etdi ki, hindistanlıların satdığı məhsullar baha olsa da, çox təbiidir.
Hindistan çay istehsalına görə dünyada Çindən sonra ikincidir. Burada satılan çayların ətri tünd və bir o qədər təsirlidir. Çayların qiyməti isə 5-10 manatdan başlayır. Bu zaman səhnədə hindistanlı bir müğənni mahnı oxumağa başlayır. Qadınlar darısqal səhnədə mahnı sədaları altında rəqs edir, ətrafdakılar da alqışlayır. Biz də əl çalanlara qoşuluruq. Dünyanın ən şən xalqının mahnıları bizə filmlərdən tanış olsa da, canlı eşitmək insana daha maraqlı gəlir.
Buna görə də hind mədəniyyətini daha yaxından görmək istəyənlər üçün xatırladaq ki, sərgi dekabrın 26-a kimi davam edəcək.