Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti iyun ayında baş tutacaq:
“Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb”.
Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.