Hamını qorxuya salan "buzlu şüşə": "KT cavablarınızda..."
12 yanvar 2021 09:52 (UTC +04:00)

Hamını qorxuya salan "buzlu şüşə": "KT cavablarınızda..."

Son günlərdə yeni növ koronavirus infeksiyası (COVID-19) şübhəsi ilə ağciyərləri yoxlatmaq üçün kompüter tomoqrafiya (KT) edənlərin sayı hədsiz çoxalıb. 

Bununla bağlı Lent.az-ın suallarını cavablayan Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, KT ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur:

“Məlumatsız pasiyentləri bununla psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir. Elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir”.

N.Abdullayev qeyd edib ki, kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir:

“Ağciyərdə olan dəyişikliyin sadəcə “buzlu şüşə” adlandırılması və faizlə miqdarının göstərilməsi çox ciddi yalnışlıqdır. Bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir.

Cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə, ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirərsə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır”.

Azərbaycanlı alim vurğulayıb ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım olmamalıdır:

“Müalicə həkimi üçün ən vacib olan xəstənin öz vəziyyətidir, "buzlu şüşənin" faizlə miqdarı deyil. Bundan başqa, hər kəsdə də “buzlu şüşə” dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən “buzlu şüşə” heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11856
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar