"Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O bildirib ki, xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir:
"Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir. Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə heç bir qonaq qəbul edilməməlidir. Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir.
Koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib. Bu səbəbdən anaların körpələrini əmizdirməkdən qorxmasına ehtiyac yoxdur. Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulub maska və əlcək taxılmalıdır. Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq bu vəziyyət anaya uyğun gəlmirsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər".
S.Məmmədova qeyd edib ki, təbii yollarla və ya keysəriyyə əməliyyatı hamiləliyin hazırkı gedişatına, ana və körpənin sağlamlıq vəziyyətinə görə qərar verilir:
"Ana və körpənin ümumi sağlamlığı yaxşı olarsa, normal doğuşa üstünlük verilə bilər. Sosial təcrid qaydalarının tətbiq edilməsinə davam edilməsi və doğuşdan sonra evə heç bir ziyarətçinin buraxılmaması ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir.
Ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var. Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir.
Hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır. Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər".
Baş mama-ginekoloq COVID-19 şübhəsi olan hamilə qadınlara məsləhətlər də verib:
"Hərarət, öskürək, baş ağrısı və əzələ ağrısı, burun axması, sinə axıntısı kimi COVID-19 simptomları olan hamilə qadınlara testdən keçmələri tövsiyə olunur. Hamiləlik dövründə bədəndə və immunitet sistemindəki dəyişikliklər səbəbiylə hamilə qadınların tənəffüs yolu infeksiyalarından daha çox təsirlənə biləcəyi məlumdur. Hamilə qadınlarda şəkərli diabet, yüksək təzyiq, artıq çəki kimi şərtlər COVID-19 xəstəliyinin daha ağır olmasına səbəb olur. Hamilə qadınların xəstəliyin ağır olduğu zaman hamilə olmayan qadınlara nisbətən reanimasiyaya ehtiyacı daha çoxdur. Bu səbəbdən hamilə qadınlar COVID-19 baxımından orta risk qrupundadır. Simptomları olan hamilə qadınlara testdən keçmələri və nəticəyə uyğun olaraq müvafiq izolyasiya tətbiq etmələri tövsiyə olunur.
Hamiləlik dövründə COVID-19 keçirmiş qadınlarda, düşük və ölü doğum kimi ağırlaşmaların daha çox rast gəlindiyini göstərən heç bir məlumat yoxdur. Bəzi tədqiqatlarda, COVID-19 olan hamilə qadınlarda erkən doğum riskinin artdığı göstərilib. Erkən (vaxtından əvvəl) doğuş zamanı müxtəlif fəsadların görünə bilmə təhlükəsi olduğu üçün bu körpələrin yenidoğulmuş reanimasiya şöbəsində qalması lazım ola bilər.
Hamilə qadınlar koronavirus səbəbiylə ginekoloq görüşlərini təxirə salmamalıdır. Ana və körpə sağlamlığı üçün çox əhəmiyyətli olan doğum öncəsi müayinələrin planlaşdırıldığı kimi davam etdirilməsi faydalı olacaq. Hamiləlik dövründə şəkərli diabet və ya yüksək təzyiq kimi xəstəliklər bu nəzarətlər zamanı diaqnoz qoyula və müalicə edilə bilər. Beləliklə, hamilə qadının mümkün COVID-19 xəstəliyində ciddi fəsadlar riski azalır".
S.Məmmədova son olaraq hamilə qadınların vaksinasiya ilə bağlı müvəqqəti əks göstəriş sertifikatını almaq üçün müraciət forması barədə sualı da cavablayıb:
"Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.
Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir.
Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi(USM)
Vurğulamaq istəyirəm ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək".