Birləşmiş Ərəb Əmirliklərindən olan sərnişin Volqoqrad gömrüyündən qaçaqmalçılıq yolu ilə çəkisi 40 kiloqramdan çox olan təbii insan saçı partiyasını keçirməyə cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Volqoqrad gömrükçüləri qeyri-adi yükə müdaxilə ediblər: Birləşmiş Ərəb Əmirliklərindən gələn 37 yaşlı əcnəbinin çamadanlarında 40 kiloqramdan çox təbii insan saçı aşkar edilib. Federal Gömrük Xidməti xəbər verir ki, ekspertlər bu partiyanın dəyərini 4,3 milyon rubl (54 min dollardan çox) qiymətləndiriblər.
Yoxlamadan yayınmağa çalışan qadın “yaşıl” dəhlizi seçib. Lakin müfəttişlər onu saxlayıblar və baqaj yoxlanışı zamanı iki çamadanda 200-dən çox müxtəlif çalarlı uzun saç dəstələri aşkar ediblər.
Gömrükçülərin sualına sərnişin cavab verib ki, gözəllik salonuna sifarişlə saç aparır, orada saç uzatmaq üçün istifadə olunur. O, həmçinin belə malların bəyan edilməsi qaydalarından xəbərsiz olduğunu iddia edib.
İndi vətəndaşa qarşı malların bəyan edilməməsinə görə inzibati xəta ilə bağlı iş açılıb.