Bir neçə gündür ki, Azərbaycanda “patı”, “şüşə” adlandırılan narkotik vasitə satanlar ard-arda ifşa olunurlar.
Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əməliyyatlar nəticəsində xeyli narkotacir saxlanılıb. Son aylar “patı” mövzusu həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadı. Bəs, gəncləri zəhərləyən, onları öz qurbanına çevirən bu “patı” nədir axı? İnsanı necə məhv edir? Əsil adı metamfetamin olan bu narkotik maddəni yaponiyalı bir kimyagərin ixtira edildiyi bildirilir. Bu maddə dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotik vasitədir. Azərbaycanda bu maddə “met”, “şüşə”, “buz” və ya “patı” kimi tanınır. Metamfetamindən ilk dəfə İkinci Dünya Müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə olunub. Müharibə bitdikdən və illər keçdikdən sonra metamfetaminin insanlarda asılılıq yaratdığı aşkar edilib. 1970 ci ildən etibarən nəzarət olunan maddələr siyahısına əlavə olundu.
Metamfetamin sintetik maddədir. Onun asan hazırlanması və qısa müddətdə asılılıq yaratması bir çox ciddi problemlərin yaranmasına səbəb olur. “Patı” beynin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır. “Patı” ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur.
İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Həmçinin bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır. Metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır. Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilməkdədir.
Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada heç bir sərhəd tanımadan “şüşə” istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatlarını alt-üst edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də yaşamını təhlükə ilə üz-üzə qoyur. Uzun müddət metamfetamindən istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla ciddi hərəkət pozğunluğu əmələ gəlir. Nəticədə ilk istifadədən sonra qısa bir müddətdə asılılıq yaradır. İstifadə müddətində getdikcə daha çox dozada qəbul etmə ehtiyacına səbəb olur. Eyni zamanda, bu maddədən asılı olanlar zamanla bütün həzz alma hissiyyatını itirirlər.
Sevinc Nurəddinova