Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.
Lent.az xəbər verir ki, bu barədə "oxu.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:
"Araşdırma zamanı həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq olunduğu məlum olub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb."
E.Hacıyev onu da əlavə edib ki, iş üzrə inzibati qanunvericiliyin normalarına müvafiq olaraq zəruri tədbirlərin görülməsi təmin olunacaq:
"Hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb"