Psixoterapevt Paşa Yaqub özünü elmi-lədun bilicisi, vergili adam adlandırır. Bir neçə özəl klinikada işləyir. İnanıb-inanmamaq hər kəsin öz işidir. O bəlkə də bir fenomendir, bunu və əksini iddia etmək üçün zamana ehtiyacım var. Amma danışdıqları maraqlıdır.
Lent.az Paşa Yaqubla müsahibəni təqdim edir
- Öncə bunu soruşum, elmi-lədun nə deməkdir?
- Lədun sözü dərin qatlar mənasında işlədilir. Yəni elmin daha dərin qatları. Allah hər qövmə, hər insan toplumuna mütləq bir xilaskar göndərib. Peyğəmbərlər, imamlar, loğmanlar, Allah dostlarında bu bilginin olduğu deyilir. Loğman peyğəmbər, İsa peyğəmbər, Yusif peyğəmbər, imamlarımızın insanları müalicə etdiyi deyilir. Tibbin inkişaf etmədiyi dönəmlərdə buna “Allah vergisi” deyərdilər. Bu, bir şəfa proqramıdır. Lədun elmində şəfa metodikası fizika qanunları, metofizikaya əsaslanır. Heç bir dərmandan istifadə olunmur. Enerjiyə əsaslanırıq. Məndə Nyutonium adlı kainat enerjisi mövcuddur, onu idarə etməyi bacarıram. Xəstələrimə enerji ötürməklə onları müalicə edirəm. Mendeleyevin sağlığında onun cədvəlində bir neçə element də olub ki, sonradan həmin elementlər silinib. Cədvəldə ”sıfır qrupu” olub, bu gün cədvəldə həmin element yoxdur. Araşdırsanız, görərsiniz ki, 1906-cı ilə qədər olan kimya kitablarında həmin element olub, indi yoxdur. Ona görə də kimya elmi yarımçıq qalıb, onunla bərabər də tibb elmi. Mənim aləmimdə sağalmayan xəstəlik yoxdur. Tibb elmində bir sıra xəstəliklər var ki, onlarda dünyada sağalmaz xəstəlik kimi qeyd edilsə də, mən onları müalicə edirəm, sadəcə, buna səbir lazımdır ki, prosedurları sona qədər aparılsın. Bütün xəstəliklərin müalicəsi qeyd etdiyim elementdə var. O efirdir. Mendeleyev onu Nyutonium adlandırmışdı. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşyıcısıdır.O ruhun enerjisidir. Bu elementi hansısa qüvvələr ciddi cəhdlə insanlardan gizlədirlər.Ondan bəşəriyyətin xeyrinə istifadə etmək olardı. Sirri açmaq istəyənlər təqiblərə məruz qalıblar. Tesla bunu bilirdi və istifadə edirdi. Amma Teslanı da susdurdular. Bu enerji ilə narkomaniyanı, alkoqolizmi, depressiyaları, uroloji xəstəlikləri, hormon pozğunluqlarını, sinir xəstəliklərini, dəri zöhrəvi xəstəlikləri müalicə etmək olar. Mənim ruhumda Nyutonium, yəni dünya efiri var, müalicəmin sirri bundadır. Yeri gəlmişkən, yeni yayılmış meymunçiçəyini də müalicə edəcəyimə əminəm.
-Yalnız toxunmaqla müalicə edirsiz, yoxsa enerjinizi uzaq məsafələrə göndərirsiniz?
- Avstraliyada, Britaniyada, Afrikada pasiyentlərim var. Online görüşürük, müalicə edirəm. Avstraliyada bir ailənin daimi ailə həkimiyəm.
- Bədənimiz mənfi enerji ilə yükləndiyini bizə hansı əlamətlərlə xəbər verir?
- Baş, çiyin və diz ağrıları, bel, fəqərə ağrıları, qorxu, həyəcan, əsəb, ürək döyüntüləri, diksinmələr, boğulma, arxadan izləndiyini hiss etmək, pis yuxular görmək, ağır hallarda qarabasmaları, əks cinsə istəyin itməsi, uğursuzluqların çoxalması və s. Bu hallar neqativ təsirin əlamətləridir.
- Neqativ təsir deyəndə nəyi nəzərdə tutursunuz?
- İnsan ruhuna stress, bəd nəzər və magiya yolu ilə neqativ təsir etmək olar.
- Deyirsiniz caduya inanaq?
- Bunlar hamısı fiziki qanunlarra və kimya elminə tabedir. Neqativ enerjinin nə olduğunu və insana necə təsir etməsini bilmək üçün kompyuterə virus düşdüyünü xəyal edin. Kompyuter insanın alt kopyası olaraq yaradılıb. Virusla , mənfi enerjiylə dona bilir. Sağalmayan xəstəliklər var, onlar cadudan, tilsimdən yaranır. Xərçəng, Parkinson və s. xəstəliklər çox vaxt cadunun nəticəsində yaranır. Qara enerjini insana atırlar, bu, telefona, kompüterə atılan virus kimidir.
Virus kompyuterdən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan xoşbəxtlik hisslərini silir, əvəzində nifrət faylı yazır. Psixoterapiyanın, parapsixologiyanın və elmi-lədunun sirlərinə əsaslanan, üç seans alan istənilən pasiyentin cəmi 21 gün müddətinə bu ağrılardan qurtulması mümkündür.
- Bəyəm bütün qara magiya biliciləri, falçılar yaxşı fizik və ya kimyaçıdırlar?
-İstifadə etdikləri maddədə efir maddəmizi bloklayan maddələr var, təsir buna görə baş tutur. Onlar özləri də bilmədən mexaniki surətdə nəsildən nəsilə keçən elmi təkrarlayırlar.
- Az öncə neqativ enerji nəticəsində xərçəngin yarandığını qeyd etdiniz. Enerjinizlə xərçəngi müalicə etmək olur?
- Xərçəng xəstəliyi neqativ enerjidən yaranır. Bütün neqativ enerjilər bədəndə toplaşdıqdan sonra orqanizmin hansısa hissəsində özünü şiş formasında göstərir. Psixoloji prosedurlarla həmin şişi aradan götürür və müalicə edirəm və bir daha yaranmır. Tibbi yolla bu xəstəliyi müalicə edəndə şiş kəsilərək götürülür, amma enerji həmin yerdə qalır və şiş yenidən dirçəlməyə başlayır. Əsas inanmaqdır. Lakin elə hallar var ki, mən kömək edə bilmirəm. Xəstəlik artıq son mərhələdədirsə, xəstə özü məni qəbul eləmək istəmirsə kömək edə bilmirəm.
- Ağır enerjini xəstələrdən çəkib almaq öz sağlığınıza ziyan vurmur?
- Vurmasın deyə günə 5-6 xəstə qəbul edə bilirəm. Enerjim tükənir, sonra müəyyən qaydalarla (bu mənim sirrimdir) özümü bərpa edirəm.
- Bu elm sizə necə verilir?
- Əsasən yuxuda. Bir də dini kitablarda verilən sirrləri araşdırıram, min il öncə deyilənlərin arxasındakı sirr pərdəsinə nəzər salıram. Məsələn, Quranda adı keçən Yaqub Peyğəmbərin gözlərini açan əslində Yusifin köynəyindəki tər idi. Oğulun kürəyindən çıxan tərin tərkibindəki elementlər hər bir atanın gözlərinin şəfasıdır. İstifadə etməyiniz məsləhətdir. "Övladın gözlərinə çıraq olsun" deyimi də bu hikmətdən qaynaqlanır.
- Doktor, yaşınızdan gənc görünürsünüz. Sizin enerji ilə insanları gəncləşdirmək, gözəlləşdirmək mümkündür?
- Mümkündür.
- İnsanlar ziyarətgahlara gedib şəfa tapdıqlarına inanırlar. Buna necə izah verəcəksiniz?
- Ziyarətgahlar cəmiyyətin ildrımötürücüləri kimi bir şeydir. Ziyarətgahlarda dualar çox edilir, insanlar bura inancla gəlir və həmin məkanda çox yüksək müsbət enerji toplanır.
- Məhərrəm ayındayıq. Aşuraya elmi-lədunun baxışı nədir?
- "Aşura” sözünün ərəbcədən tərcüməsi "onuncu gün” deməkdir. Hicri-Qəməri təqviminin başlanğıc ayı olan Məhərrəmin 10-cu gününə Aşura deyilir.
Bəzi tarixi mənbələrdə bu günə Aşura deyilməsinin səbəbi kimi, həmin gün Allah-təalanın 10 peyğəmbərin duasını qəbul edib, onları dardan qurtarması ilə bağlayırlar.
1. Bu tarixdə Allah-təala Adəm Peyğəmbərin tövbəsini qəbul edib, onu həyat yoldaşı Həvva ilə birləşdirdi.
2. Nuhun gəmisi Məhərrəm ayının 10-cu günü quruya (dağın başına) endi.
3. Aşura günündə Rəbbim uzun müddət yataq xəstəsi olan Əyyub əleyhissəlamın duasını qəbul buyurub, ona şəfa bəxş etdi.
4. Məhərrəm ayının 10-cu günündə Allah-təala Musa Peyğəmbərin duasını qəbul buyurub onun qövmünü Fironun zülmündən xilas etdi.
5. Həzrəti Yunis balığın qarnından Aşurə günü qurtuldu. Burada diqqət çəkən digər məqam odur ki, "Yunis” surəsi "Quran”ın 10-cu surəsidir
6. Həzrəti Yusif quyudan Məhərrəm ayının 10-cu günündə xilas edildi.
7. Həzrəti İsa Aşura günü dünyaya gəlmiş, həmin gündə də göyə çəkilmişdi.
8. Həzrəti Davudun tövbəsi də Məhərrəmin 10-cu günü qəbul edildi.
9. Həzrəti İbrahimin oğlu İsmail Peyğəmbər də Aşura günü doğuldu.
10. Oğlu Yusifin həsrətindən gözləri tutulan Yaqub Peyğəmbərin gözləri məhz Məhərrəm ayının 10-cu günü açılmışdır.Aşura günü çox mübarək və duaların qəbul olduğu bir gündür.
- Enerji ötürərkən sadəcə hamının bildiyi duaları oxuyursunuz. Bunu biz özümüz də edə bilərik?
- Yox. Duaları oxuyuram, amma şifrə mənim özüməm. Hamıda məndə olan enerji yoxdur axı.
- "Üfürülmüş su"ya inanır bir çoxları. Siz də bu metoddan istifadə edirsiniz.
- Suyun öz xüsusi yadddaşı, müalicəvi gücü var. Ona mənim ötürdüyüm müsbət enerji ilə şəfaverici missiya yükləyib çoxlarını sağaltmışam. Bu ən az 3 seansa həyata keçirilir.
- Bəlkə birinin pulu yoxdur, ümumiyyətlə, buna pul tələsi kimi baxmaq da olar.
- Ehtiyac sahiblərindən pul almıram. Bir çoxlarına hətta özüm yardım edirəm. Allah mənə verir, mən də insanlara.
- Doktor sizə heç dəli kimi baxıblar?
- Hə, baxır kim və nəyə görə mənə dəli deyib. Öncələr elmimə inanmayıb dəli deyirdilər, sonra ərəb saraylarından birindən gələn milyonluq təklifi qəbul etmədiyimə görə mənə dəli dedilər.
- Niyə qəbul etmədiniz ki?
- Bu, Allah vergisidir, ehtiyacı olanlara yardım edirəm. Eqoistlik etsəm, haqq yoldan çıxsam, əlimdən alınacaq. Sarayda isə gərək onlar dediyini deyəm, kölə olam. İnsan ruhu azad olmalıdır.