“Ən çox xaricilər oxunur” – Bəs bizimkilər nəyin davasını edir?
02 noyabr 2022 19:05 (UTC +04:00)

“Ən çox xaricilər oxunur” – Bəs bizimkilər nəyin davasını edir?

İndi yerindən duran yazar iddia edir ki, çox oxunur. Hətta bununla bağlı bir-birləri ilə yarışa belə çıxırlar. Gənc nəsil yazarlar arasında belə iddiaçılar daha çoxdur. Yaşlı nəsildən olanlar bu məsələyə “bığaltı” gülsələr də onların da kitablarının rekord həddə satıldığını deyə bilmərik. 

Bəs həqiqət necədir? Kimin kitabını daha çox oxuyurlar?

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Lent.az-a açıqlamasında bildirib ki, özünüinkişaf, detektiv kitablar və xarici ədəbiyyat daha çox oxunur.

Onun sözlərinə görə, insanların az bir qismi bədii ədəbiyyat və klassika oxuyur: 

“Demək olar ki, oxucular daha çox xarici ədəbiyyata maraq göstərir. Qiymətlər nə qədər aşağı olsa, kitablar da bir o qədər yaxşı satılar. “Qanun” nəşriyyatı olaraq tez-tez aksiyalar keçiririk. Bir-iki manata satışa kitablar çıxarırıq. Düşünürəm ki, qiyməti 5 manata qədər olan kitablar rahatlıqla satılır. 5 manatdan yuxarı olan kitablara insanlar o qədər də üstünlük vermirlər. Hətta bəzən 5 manatdan yuxarı qiymətdə olan kitabları aldıqda narazılıq edirlər”.

Bəs, kitabların qiyməti qənaətbəxşdirmi?

“Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu bildirib ki, Azərbaycan oxucusu son illərdə daha seçici davranır:

“Yəni oxucular daha məqsədyönlü şəkildə mütaliə edir. Hər qabağına çıxan kitabı əldə etməyə çalışmır. Təbii ki, sovet dövründəki kimi dəblə də ayaqlaşmağa çalışır, amma tendensiya seçici olmaq istiqamətində dəyişir. Kitab sektorunda daha çox satılan kitablar detektiv kitablardır. Siyahı bir neçə yerli müəllif və bir neçə xarici müəlliflə məhdudlaşır". 

Yusif İlhamoğlunun sözlərinə görə, elmi-publisistik kitabların mütaliəsi getdikcə artır: 

“Klassik romantika yenə də oxunur, müasir ədəbiyyat hələ klassikanı keçə bilmir. Ən çox oxunan kitabların qiymətləri 7-10 manat arasında dəyişir. Bu da ümumi iqtisadi vəziyyətlə əlaqədardır. Daha yuxarı qiymətə olan kitabları oxucular ala bilmirlər. Biz nəşriyyatlar kitabın xərclərini azalda, satış qiymətini aşağı sala bilsək, həmin kitabların daha çox oxunacağına inanıram”.

Bu günümüzə nəzər yetirsək, görərik ki, cəmiyyət kitabdan artıq get–gedə uzaqlaşır. Gənclərin və yeniyetmələrin bir çoxunun kitabdan uzaq düşməsinin səbəbi nədir? Gənclər niyə kitaba maraq göstərmir?

“Mücrü” nəşriyyatının təsisçisi Müşfiq Xan Azərbaycanda kitab alan oxucuların sayının çox olmadığını deyib. 

O bildirib ki, nəticədə Azərbaycanda hər il nəşr olunan kitabların böyük bir qismi istehlak olunmadan anbarlarda yatır:

“Cəmiyyətimizdə qəribə bir tendensiya yaranıb və bu tendensiya zaman keçdikcə epidemiya halına doğru gedir, az qala sindroma çevrilə: “pulsuz PDF”. Bəli, ağlı kəsən, kəsməyən bir çox oxucular yeni nəşr olunan kitabı almaq yerinə israrla onun müftə “PDF”ni istəyirlər”.

Müşfiq Xan fikirlərinə davam edərək qeyd edib ki, xarici ədəbiyyat müqayisədə yerli kitabları üstələyir: 

“Zənnimcə burda qeyri-normal bir durum yoxdur. Lakin üzücü nüans var, yerli müəlliflər say etibarı ilə az oxunur, az axtarılır. Oxucularımız daha çox seriya şəklində nəşr edilən kitablara üstünlük verirlər. Təxminən bir il əvvəl başladığımız “Bir Saatda Tarix” seriyası oxucuların ciddi rəğbətini qazandı və qısa zaman müddətində bur seriyanın 40-a qədər yeni kitabını nəşrə hazırladıq. Sevindiricidir ki, bu kitabların əksəriyyəti Azərbaycanın yaradıcı şəxsiyyətləri haqqındadır.

Kitab sahəsində olanlar adətən söyləyirlər ki, oxucular daha çox detektiv və macəra janrlarına üstünlük verirlər. Lakin son illərdəki müşahidəmə əsasən deyirəm, elmi-fəlsəfi, elmi-populyar ədəbiyyat oxucularımızın sayı günü-gündən artır.

Ən çox oxunanlar arasında yeni nəşr etdiyimiz kitablardan Mark Tven “İnsan nədir?”, Çarlz Darvin “Təkamül həqiqəti”, Jül Peyo “İradənin tərbiyəsi” və başqa kitablar var. Bu kitabların ortalama qiyməti 6-7 manat arasıdır. Ümumiyyətlə son iki ildə, ələlxüsus da bu il kağızın qiymətinin az qala hər ay artması işimizə ciddi mane olur. Məqsədimiz və strategiyamız oxucuların büdcəsinə uyğun kitablar nəşr etməkdir, amma kağızın qiymətinin bahalaşması bəzən bu arzularımızı ürəyimizdə qoyur”.

# 2988
avatar

Arzu Qurbanlı

Oxşar yazılar