“Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri” mövzusunda  tədbir keçirilib
17 fevral 2023 18:30 (UTC +04:00)

“Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri” mövzusunda  tədbir keçirilib

Fevralın 17-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində “Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri” mövzusunda  tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunmasıdır. Ramiz Cürənov  layihə dövründə hazırlanan “Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri” mövzusunda araşdırma yazı barədə məlumat verib.

Qeyd edək ki, hava, su, torpaq  və qida insan sağlamlığını şərtləndirir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir.

Sənaye müəssisələrindən havaya buraxılan insan sağlamlığına təhlükə yaradan və ənənəvi yanacaq növlərindən istifadə, avtomobillərin havaya buraxdığı qazlar son nəticədə havanı çirkləndirir. Çirkli hava bronxit, astma, allergiya daxil olmaqla,  tənəffüs xəstəliklərinin əksəriyyətinin əsas səbəbidir. Araşdırmalar çirkli havanın həm də xərçəngə meylliliyi artırdığını da üzə çıxarıb. Sovetlər dönəmində Sumqayıtda köhnə texnologiyalarla işləyən kimya zavodlarının insanların sağlamlığında hansı problemlərə yol açdığı da məlumdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər bu sahədə problemlərin aradan qaldırılması istiqamətinə mühüm addımlar atmaqdadır. Bu addımlar sırasına sənaye müəssisələrinin müasir təmizləyici qurğularla təchizatına xüsusi diqqət yetirilməsi, havanı çirkləndirən müəssisələrin böyük məbləğlərdə cərimələnməsi və belə halları aradan qaldırmadıqda fəaliyyətlərinin məhdudlaşdırılması, bərpa-olunan enerji layihələrinin həyata keçirilməsi, avtomobil bazarında hibrid və elektrik avtomobillərinin sayının artırılması, meşə sahələrinin genişləndirilməsi daxildir. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35% azalmanın saxlanılmasını hədəf kimi götürüb.

Tədbirə onlayn qoşulan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı “İnsanların sağlamlığında təmiz hava və su amili” mövzusunda çıxış edib. Vüsalə Rafiqqızı ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb, xüsusən palçıq vulkanları ətrafında tikilən evlərlə bağlı təhlükəyə diqqət çəkib.

Təşkilatına rəhbəri Ramiz Cürənov  neftlə çirklənmiş torpaqlar probleminə toxunub.

APA İnformasiya Agentliyinin redaktoru, araşdırmaçı jurnalist Vüqar İsmayılov isə daha çox qlobal miqyasda ətraf mühitin insana təsiri barəsində danışıb. Vüqar İsmayılov dünya ölkələrinin bu sahədə təcrübəsini bölüşüb.

Tədbirdə Ermənistanın işğal dönəmində torpaqlarımızda törətdiyi ekosid, Oxçuçayda yaranan ekoloji fəlakətə toxunulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Toğrul Feyziyev tədbirdə qaldırılan məsələlərə münasibət bildirib. Toğrul Feyziyev Azərbaycanda ekologiyanın qorunması sahəsində hökumətin ardıcıl və məqsədyönlü işlər həyata keçirdiyini vurğulayıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Azərbaycanda ekofəalların da ətraf mühitin qorunmasına verdiyi töhfədən bəhs edib, Laçın-Xankəndi yolunda keçirilən aksiyada gənc ekofəalların iştirakını xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli ekoloji tarazlığını qorunmasının vacib olduğunu bildirib.

Araşdırmaçı jurnalist Elxan Salahov ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsirinə toxunub.

Jurnalist Çingiz Səfərli ekoloji tarazlığın qorunması çərçivəsində sudan səmərəli istifadənin zəruri olduğunu qeyd edib. 

Təbdir müzakirələrlə davam edib.

# 1530
avatar

Oxşar yazılar