Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri
02 fevral 2023 09:02 (UTC +04:00)

Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri

Azərbaycan Prezidenti İlham Əliyev hələ 12 may 2005-ci ildə Bakıda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasına dair illik konfransda çıxışında bildirmişdi ki, ətraf mühitin qorunması da bizim üçün çox vacib məsələdir, xüsusilə neftin qalıqları ilə çirklənmiş torpaqların təmizlənməsi, meşə təsərrüfatının bərpası və digər məsələlər öz həllini tapmalıdır. Nəzərə çatdırmışdı ki, bu məsələlərlə bağlı bir neçə qərarlar qəbul edilib, sərəncamlar verilib, milli parklar yaradılıb. Dövlət başçısı vurğulamışdı ki, keçmişdə ətraf mühitin qorunmasına böyük diqqət göstərilmirdi: “Əgər xatırlayırsınızsa, Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman ümumiyyətlə biz "ekologiya" sözü eşitmirdik, heç belə bir məfhum da yox idi. Amma indi biz Azərbaycanın hərtərəfli inkişafı üçün, gənc nəslin sağlam böyüməsi üçün bu sahəyə də diqqət göstərməliyik.”

Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının işğaldan azad ediləndən sonra qarşıya qoyulan məqsəd və görülən işlər də göz önündədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində məqsədyönlü addımlar atılmaqdadır.   

Bəs gənc nəslin sağlam böyüməsində, insanların sağlamlığının qorunmasında ekologiya, ekoloji tarazlığın pozulması nə dərəcədə rol oynayır?   

 

Təmiz hava amili

 

Hava, su, torpaq  və qida insan sağlamlığını şərtləndirir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir.

Sənaye müəssisələrindən havaya buraxılan insan sağlamlığına təhlükə yaradan və ənənəvi yanacaq növlərindən istifadə, avtomobillərin havaya buraxdığı qazlar son nəticədə havanı çirkləndirir. Çirkli hava bronxit, astma, allergiya daxil olmaqla,  tənəffüs xəstəliklərinin əksəriyyətinin əsas səbəbidir. Araşdırmalar çirkli havanın həm də xərçəngə meylliliyi artırdığını da üzə çıxarıb. Sovetlər dönəmində Sumqayıtda köhnə texnologiyalarla işləyən kimya zavodlarının insanların sağlamlığında hansı problemlərə yol açdığı da məlumdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər bu sahədə problemlərin aradan qaldırılması istiqamətinə mühüm addımlar atmaqdadır. Bu addımlar sırasına sənaye müəssisələrinin müasir təmizləyici qurğularla təchizatına xüsusi diqqət yetirilməsi, havanı çirkləndirən müəssisələrin böyük məbləğlərdə cərimələnməsi və belə halları aradan qaldırmadıqda fəaliyyətlərinin məhdudlaşdırılması, bərpa-olunan enerji layihələrinin həyata keçirilməsi, avtomobil bazarında hibrid və elektrik avtomobillərinin sayının artırılması, meşə sahələrinin genişləndirilməsi daxildir. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35% azalmanın saxlanılmasını hədəf kimi götürüb.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycan yeni hədəfini açıqlayıb, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılacağını  bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları açıqlanıb.

 

Bir inci saflığı…

 

Bir inci saflığı olan su insan sağlamlığında nə dərəcədə önəmli yer tutursa, təhlükəli tullantılarla çirklənmiş su isə əksinə, insan sağlamlığı üçün çox təhlükəlidir. Ekoloqların fikrincə, dünyada xəstəliklərin əksəriyyəti çirklənmiş suyun istifadəsindən qaynaqlanır. Çirkli su genetik mutasiyalar, onkoloji və mədə-bağırsaq xəstəlikləri, sonsuzluq kimi problemlərə yol açır.

Prezident İlham Əliyev hər zaman içməli su layihələrinin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşıb. Dövlət başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 15 aprel 2020-ci il tarixli sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev, üzvləri ekologiya və təbii sərvətlər naziri, iqtisadiyyat naziri, kənd təsərrüfatı naziri, maliyyə naziri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisidir. Komissiyaya tapşırılıb ki, su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etsin, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni, verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etsin, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Dövlət başçısı 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə isə bildirmişdi ki,  Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olubsa, artıq 70 faizə, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz olubsa, bu rəqəm 82 faizə, regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz olubsa, bu, 63 faizə yüksəlib. Prezident İlham Əliyev vurğulamışdı ki, bunu ilk növbədə, insanların sağlamlığı üçün etmişik. Ancaq bununla bərabər, dövlət başçısı qeyd etmişdi ki, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik, buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Tapşırılmışdı ki, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin, qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planı icra olunsun  və bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faizə çatdırılsın. Eyni zamanda dövlət başçısı problemlərə də diqqət çəkərək, dövlət qurumlarına bu problemlərin həlli istiqamətində çalışmağı tapşırmışdı: “İçməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır”.

Dövlət başçısının tapşırığına uyğun olaraq son iki ildə də bu istiqamətdə işlər davam etdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra su resurslarından istifadəyə dair də yeni vəzifələr müəyyənləşib. Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib ki, suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq: “Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik”.

Beləliklə, bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirilir. Eyni zamanda işğal dövründə Ermənistanın "Zəngəzur Mis Molibden Zavodu tərəfindən çirkləndirilmiş və çirkləndirilməyə davam edən Oxçuçayla bağlı məsələlər də diqqət mərkəzindədir. Çayın çirkləndirilməsinin qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə səylər davam edir.

Azərbaycan Kür və Araz kimi transsərhəd çaylarının çirkləndirilməsinin qarşısının alınması istiqamətində də müxtəlif mexanizmlərin formalaşdırılmasına çalışır.

 

Neftlə çirklənmiş torpaqlar təmizlənir

 

Ekoloji tarazlığın qorunmasında təmiz hava və su ilə bərabər torpaq amili də xüsusi önəm kəsb edir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiyanın effektiv fəaliyyəti həm torpaqların şoranlaşması prosesinin qarşısının alınmasında, həm də şoranlaşmış torpaqların təkrar əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində addımların atılmasını təmin edəcək. Digər tərəfdən, xüsusilə neftin qalıqları ilə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində görülən işləri qeyd etmək lazımdır.

Respublikanın neftlə çirklənmiş sahələrinin ən böyük ərazisini Abşeron yarımadası təşkil edir. Burada 10 min hektarlarla neft və neft məhsulları ilə çirklənmiş torpaq var. Buna görə də həmin torpaqların rekultivasiyası məsələsi hər zaman aktual olaraq qalır. Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaqların mərhələli olaraq rekultivasiyası həyata keçirilir.

Məsələn, Bibiheybət Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində 100-lərlə hektar torpaq rekultivasiya edilib. Həmin torpaqlarda 150-200 il ərzində toplanmış və bəzi yerlərdə 2,5 metr dərinliyə kimi hopmuş neft və neft məhsullarının qalıqları olub. Bu gün həmin ərazilərə baxanda əvvəlki mənzərədən əsər-əlamət qalmayıb. Buruqların ətrafı tamamilə təmizlənib, yaşıllıqlar salınıb, gələcəkdə parkların salınması nəzərdə tutulub.

İnsan sağlamlığında mühüm rol oynayan ekoloji təmiz qidanı da təmiz hava, su və torpağın olduğu mühitdə yetişdirmək mümkündür. Son illərdə GMO məhsullarının ölkəyə idxalı və satışının qarşısının alınması istiqamətində atılan addımlar, azad edilmiş ərazilərdə ekoloji təmiz məhsulların yetişdirilməsinin prioritetlər sırasında müəyyənləşdirilməsi isə Azərbaycanın sağlam qida təminatında da ciddi uğurlara imza atacağını şərtləndirəcək.

 

Yaşar Ağazadə

 Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar