Dul qadının əri, keçmiş futbolçu:  Yeni prezident barədə maraqlı faktlar – ONU TANI 
16 dekabr 2024 16:12 (UTC +04:00)

Dul qadının əri, keçmiş futbolçu: Yeni prezident barədə maraqlı faktlar – ONU TANI 

Sabiq futbolçu Mixeil Kavelaşvili şənbə günü Gürcüstanın yeni prezidenti seçilib. O, hakim partiyanı təmsil edir.

Hələ “bismillah” eləməmiş haqqında artıq müəyyən rəylər yaranıb. Müxalifət  qüvvələri onun ölkə rəhbərliyinə gəlişini Gürcüstanın Aİ üzvlüyünə zərbə və Rusiya üçün qələbə adlandırıb. Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidentidir.

Lent.az-ın xəbərinə görə, “Gürcü Arzuzu” partiyası 2017-ci ildə birbaşa prezident seçkisini əvəzləyən 300 üzvlük seçicilər kollegiyasına nəzarət edir. Kavelaşvilinin lehinə 300 deputatdan 224-ü səs verib. O, ölkə prezidenti postuna yeganə namizəd olub.

Müxalifət seçkinin Moskvanın yardımı ilə saxtalaşdırıldığını iddia edir. Gürcüstanın vəzifədən gedən prezidenti və əsas Qərb tərəfdarı partiyalar o zamandan bəri parlament sessiyalarını boykot edib və səsvermənin təkrar keçirilməsinə çağırıb.

“Gürcü Arzusu” Aİ-yə üzvlüyə dair səylərini davam etdirəcəyinə söz verib, amma eyni zamanda Rusiya ilə əlaqələri “yenidən qurmaq” istəyir. Gürcü Arzusu partiyasının ötən ay ölkənin Avropa İttifaqına qoşulmaqla bağlı danışıqlarını dayandırmaq qərarı müxalifətin qəzəbini artırıb, etirazların güclənməsinə səbəb olmuşdu.

Keçmiş futbolçu

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub.

Uşaqlıqdan futbolla məşğul olub. Peşəkar futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb.

1988-1995-ci illərdə "Dinamo" (Tbilisi) futbol klubunda çıxış edib və komandanın tərkibində bir neçə dəfə Gürcüstan çempionu olub.

O, Gürcüstan millisində çıxış edib (1991-2002), 45-ə yaxın oyun keçirib.

1995-ci ildə Rusiyanın "Spartak-Alaniya" (Vladiqafqaz, Şimali Osetiya) futbol klubuna keçib, bu klubun tərkibində Rusiya çempionu olub.

1996-1997-ci illərdə İngiltərənin "Mançester Siti" klubunda çıxış edib. 1997-ci ildə "Mançester Siti" Mixail Kavelaşvilini İsveçrənin "Qrasshopper" klubuna icarəyə verib və o, bu klubun heyətində 1997/1998 mövsümündə İsveçrə çempionu olub.

1999-2004-cü illərdə o, "Sürix" və "Lütsern" də daxil olmaqla bir neçə İsveçrə klubunda çıxış edib.

2004-cü ildə yenidən icarə əsasında Vladiqafqazın "Alaniya" klubunda çıxış edib.

2005-2006-cı illərdə İsveçrənin "Bazel" futbol klubunun uğurları üçün çalışıb, bundan sonra peşəkar futbolçu karyerasını başa vurub. Sonra məşqçi olmaq üçün xüsusi kurslara qatılaraq C, ardınca B kateqoriyasına yiyələnib. 2009-cu ildə Gürcüstanda Beynəlxalq Peşəkar Futbolçular Federasiyasını təsis edib, hazırda federasiyanın fəxri prezidentidir.

Siyasi karyerası barədə

2016-cı ildən hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından Gürcüstan parlamentinin üzvüdür. 2016-2020-ci illərdə ölkənin İdman və Gənclər Komitəsinə rəhbərlik edib.

O, 2022-ci ilin iyununda "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını və parlament fraksiyasını tərk edib.

2022-ci ilin avqustunda Mixail Kavelaşvili parlamentdə çoxluq təşkil edən, daha sonra isə siyasi qüvvəyə çevrilən "Xalqın Gücü" təşkilatının yaradıcılarından birinə çevrilir. Qrup üzvləri Gürcüstanın Avropa və NATO-ya inteqrasiya kursunu ümumi dəstəkləmələrinə baxmayaraq, dəfələrlə kəskin Qərb əleyhinə bəyanatları, o cümlədən Qərbin Gürcüstana ənənəvi dəyərlərdən kənar ideyalar tətbiq etmək cəhdlərinə qarşı çıxış ediblər. 2023-cü ilin yazında "Xalqın Gücü" xarici agentlərlə bağlı səs-küylü qanun layihəsinin təşəbbüskarı olub.


2024-cü ilin martında "Xalq Gücü" partiya kimi qeydə alınıb. Onun siyasi katibi vəzifəsini Mixail Kavelaşvili icra edib. 2024-cü il oktyabrın 26-da "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyahısı ilə Gürcüstan parlamentinin deputatı seçilib. 2024-cü il noyabrında "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dekabrın 14-nə təyin edilmiş Gürcüstanda keçiriləcək prezident seçkisində Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. O, ölkə prezidenti postuna yeganə namizəd olub.


Şəxsi həyatı

Mixail Kavelaşvili Tamara Baqrationi ilə evlidir. Cütlüyün üç övladı var: qızı Məryəm (1996-cı il təvəllüdlü), oğlu Quram (2001) və qızı Elizabet (2013). Tamara Baqrationinin ilk evliliyindən (1989-cu il təvəllüdlü) Georgi adlı oğlu da var.

2009-cu ildə Kavelaşvili Gia və Qoça Maxatadze qardaşları ilə birlikdə İsveçrədə GTL Oil trade və Invest GmbH şirkətini yaradıb. O, neft ticarəti ilə məşğul olub və neft biznesinə sərmayə qoyub. 2020-ci ildə şirkətin iflasa görə ləğvi prosesi başlayıb.

2022-ci il bəyannaməsinə görə, Mixail Kavelaşvili yalnız 88 kvadratmetr sahəsi olan qaraja malikdir. Qaraj Tbilisidə yerləşir və 2007-ci ildə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar