“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”.
Bunu sonradan, lap sonradan deyəcəkdi, Şuşa fatehi. Bundan xeyli əvvəl, 2020-ci il noyabrın 8-də isə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti belə bir məlumat yaymışdı:
“Ali Baş Komandan, Prezident İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin Başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırmışdır. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə etmişdir. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə etmişdir”.
Hə, “Onu tanı”da bu dəfə əfsanə komandir, Şuşa fatehi, general- leytenant Hikmət Mirzəyevdən bəhs edəcəyik...
Haqqında demək olar ki, məlumat yoxdur onun. Heç hansı ildə anadan olduğunu da axtarıb tapa bilmədik. Bircə o məlumdur; ad gününü 4 ildən bir keçirir, çünki fevralın 29-da doğulub. Biləsuvarda.
Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olub. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət 19 yanvar 2002-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.
2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Komandir Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Vətən müharibəsi qəhrəmanıdır. Bir dəfə həmkarımız Elçin Alıoğlu Hikmət Mirzəyevlə bağlı yazmışdı: “O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir. Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.
Onunla birgə savaşan və adının çəkilməsini istəməyən döyüşçülərdən biri deyirdi: “Çox sərt və qəddar görünür. Amma bir o qədər də həssas, istiqanlı insandır. O, qorxu nədir bilmir, tanımır. Döyüşdə mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də snayperlər nişan alırdı, başımızı qaldıra bilmirdik. Amma o, uzaqdan bizi gördü, ayaq üstə, yeriyə-yeriyə yanımıza gəldi. Bir az söhbət elədi ki,kefimiz açılsın. Sonra eynilə mərmi yağışının içindən durdu, getdi. Hətta bizim uşaqlardan biri qalxıb, onu snayper atəşindən qorumaq üçün yanında getmək istədi.
General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın. Ümumiyyətlə, çox mərd və cəsarətli adamdır. Öz şəxsi heyətini, XTQ mənsublarını kiməsə əzdirməz. Belə bir cəngavər savaşçıdır”. Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevlə bağlı danışıb:
“Onunla 1992-ci ildə birgə xidmət etmişəm, sonra ayrılmışam. Bilirəm ki, həm birinci, həm də ikinci Qarabağ savaşında kifayət qədər uğurla iştirak edib. Hikmət peşəkar hərbçidir. Əvvəlcə hərbi məktəbi, sonra Türkiyədə hərbi akademiyanı bitirib. Ardınca Xüsusi Təyinatlıların kurslarından sertifikatlar alıb. Azərbaycanda hərbçi kimi nümunə axtarsaq, birinci general-leytenant Hikmət Mirzəyevi göstərmək olar. Sadə olmaqla yanaşı tələbkar, peşəkar, öz işinin ustasıdır”.
Hərbi ekspertlərin dediyinə görə, onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz ordunun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur. H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.