“Döyüş burda başladı, Qarabağda qələbə ilə bitdi”: Polad Həşimovun şəhid olduğu postdan REPORTAJ
12 iyul 2021 09:08 (UTC +04:00)

“Döyüş burda başladı, Qarabağda qələbə ilə bitdi”: Polad Həşimovun şəhid olduğu postdan REPORTAJ

 

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən bir il keçir.


Ötən ilin iyul ayının 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma cəhd edib. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, sonra isə 60, 82, 120 millimetrlik minaatanlardan və daha iri çaplı ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi atəşə tutub.
Bu gün iyul döyüşlərinin 1 ili tamam olur. 44 günlük Vətən müharibəsinin təməli qoyulan Tovuz rayonunun Ağdam kəndinin ərazisində döyüşlərin baş verdiyi əraziyə Müdafiə Nazirliyi tərəfindən bu münasibətlə media-tur təşkil edilib.


APA-nın media-turda iştirak edən əməkdaşı xəbər verir ki, jurnalistlər əvvəlcə Tovuzda yerləşən N saylı hərbi hissədə olub, əsgər yataqxanasına baş çəkib, zabitlərin, əsgərlərin məişət şəraiti ilə tanış olublar. Media nümayəndələri hərbi hissə heyəti ilə birlikdə yemək də yeyiblər.


Media-tur iştirakçıları sonra Ağdam kəndinə və yaxın ərazidə yerləşən mövqelərə - iyul döyüşlərinin baş verdiyi postlara yollanıblar.
Onları hərbi qulluqçularımız qarşılayıb.


Jurnalistlər ərazi ilə tanış olub. Burada Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmən tərəfi müşahidə edir. Məntəqədə düşmən tərəfi müşahidə edən kiçik çavuş Vüqar Məmmədov şərəf və qürur hissi ilə düşmənlə üzbəüz xidmət apardığını deyir: “Düşmən indi bu istiqamətdə atəşkəs rejimini pozmur. Bizim üçün çox qürurludur ki, döyüş vaxtı düşməni susdurduq. Düşmənin mövqelərini darmadağın etdik. Hazırda görürsünüz ki, düşmən mövqelərini bərpa edə bilmir. Hələ də iş aparırlar. Biz buradan müasir cihazlarla düşməni tam aydın müşahidə edirik, ərazi nəzarətimiz altındadır”.


Digər postda xidmət aparan kiçik çavuş Elgün Məmmədov döyüşdə ordumuzun göstərdiyi şücaətlərdən danışıb: “2020-ci ilin iyun ayının 12-si günorta saatları idi, düşmən yenə öz təxribatını həyata keçirmək üçün ön xətt böyü bütün mövqelərimizi iriçaplı silahlardan atəşə tutmağa başladı. Həmçinin Tovuz rayonun sərhəddə yerləşən kəndlərinə minaatanlardan atəş açdırdılar. Bizə komandalıq tərəfindən verilən tapşırıqlar əsasında düşmənin ön xətt boyu hücuma keçən 100-dən artıq canlı qüvvəsinə, texnikasına və atəş mövqelərinə ziyan vurduq. Bu döyüşlər nəticəsində bəzi döyüş yoldaşlarımız Elşad Məmmədov, Vüqar Sadıqov və Xəyal Daşdəmirov döyüşdə qəhrəmancasına şəhid oldular. İndi dayandığımız postda düşmənin təxribat törətməsi mümkün deyil. Hər tərəf daimi nəzarət altındadır”.
Hərbçilər deyir ki, iyulun 12-də günorta saatlarında döyüş başlayan zaman düşmən bir neçə dəfə təxribat törətməyə cəhd edib. Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib. Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyat qüvvələr, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi Azərbaycan Ordusu tərəfindən məhv edilib.


Həmin vaxt “Mübariz postu”ndan səngərdə xidmət aparan hərbi qulluqçumuz baş leytenant Ülvi Vəlizadə Tovuz döyüşlərinin canlı şahidi olub: “Təxminən günorta vaxtları idi. Şəxsi heyət nahara hazırlaşan zaman xəbər gəldi ki, düşmən atəşkəs rejimini pozub. Xüsusən də Babadağ istiqamətində atəşkəs pozulub. Elə günorta vaxtlarında mövqeyə, döyüş gedən ərazilərə qalxdıq. Bununla da demək olar ki, Tovuz döyüşləri başladı. Təbii ki, bir hərbi qulluqçu kimi real döyüşdə iştirak etmək, vətən torpağını qorumaq şərəflidir. Hər bir hərbi qulluqçu arzulayar ki, o anı, o hissləri yaşasın. Döyüşdə düşmən layiqli cavabını aldı. Onlar bu istiqaməti götürmək istəyirdi. Amma arzularına çata bilmədilər. Çünki biz istər texnikamız, istər canlı qüvvəmizlə onların lazımı cavabını verdik. Düşmən susduruldu, onları irəliləməyə qoymadıq. Düşmən bu postu ələ keçirtmək istəyirdi. Çünki bu ərazi yüksəklik olduğu üçün onlar üçün daha əlverişli idi. Rəhmətlik general-mayor Polad Həşimov döyüşlər vaxtı səhər-səhər yanımıza gəlmişdi. Şəxsi heyətlə söhbət edəndən sonra keçdi şəhid olduğu posta. Günorta eşitdik ki, general şəhid olub. Sonradan düşmən bu istiqamətdə atəşkəs rejimini pozmağa can atmayıb. Heç can ata da bilməz. Bura düşmənin qarşısında duran əsas mövqedir. İyul döyüşləri zamanı döyüş gedən postdur”.


Media nümayəndələri səngərlə tanışlıqdan sonra şiddətli döyüşlərin getdiyi “Mübariz postu”nda olublar. Postla düşmən mövqeyi arasında məsafə çox yaxındır. Buradan erməni postları və kəndləri aydın görünür. Ötən ilin iyulunda düşmən həmin mövqelərdən Azərbaycan mövqelərini atəşə tutub. Bu döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd olmayıb, onlar yalnız düşmənin təxribatının qarşısını alıb, hücumlarını dəf ediblər.


İyul döyüşlərində düşmənin arzusu Azərbaycan yeni torpaqlarını ələ keçirtmək olub. Lakin Müzəffər Azərbaycan Ordusu mənfur düşənin arzusunu ürəyində qoyub. Həmin döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.
Döyüşlər zamanı yaralanan hərbiçilərimiz də olub.

“Mübariz postu”nun tağım komandiri, leytenant Aqşin Alıyev general-mayor Polad Həşimovla birlikdə şəhid olan hərbi qulluqçularımızı ərazidən çıxarıb. O, Polad Həşimovun haqqında danışanda göz yaşlarına hakim ola bilmir: “12 iyuldan 17 iyula qədər ermənilər atəşkəsi pozub, hücuma keçirdi. Atəşkəs pozulduğu vaxtda Polad Həşimov bu mövqedə idi. Onunla bərabər polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev də bu mövqedə bizimlə bərabər vuruşdular. İyul ayının 14-ü səhər 8 radələrində düşmənin atdığı artilleriya atəşi nəticəsində 5 şəhid verdik. Məlumat gəldi ki, düşmən əks istiqamətdə təxribata keçmək, mövqelərimizə hücum etmək istəyir. Həmin vaxt əsgərlərimiz həyəcan siqnalı komandası ilə öz mövqelərində yerlərini tutdular və düşmənin həmlələrinin qarşısını almağa başladılar. Həmin vaxtı biz şəhid olan 5 nəfəri mövqedən çıxardıq. Döyüş vaxtı keçirdiyim hisslər qürur hissləri idi, çünki, cənab generalımız bizimlə ön xətdə, döyüş mövqeyində bir yerdə vuruşurdu. Kədərimiz isə o oldu ki, cənab general və daha bir neçə igid hərbçimiz şəhid oldu”.


Kiçik çavuş Emin Mövsümov da iyul döyüşlərində fədakarlıq göstərib. O döyüşləri belə xatırlayır: “Düşmən təxribata cəhd etsə də, yetərincə cavabını aldı. Əvvəlcə xırda avtomat və pulemyotlardan atmağa başladılar. Biz qarşılıq verincə 60, 82, 120 minaatanlardan atmağa başladılar. İyulun 14-də general Polad Həşimov 120 mm-lik minaatandan atılan mərmidən şəhid oldu. Həmin ərəfədə düşmən itki verib mövqeyi tərk edəcəyimizi düşündü. Amma biz komandirin əmri ilə lazım olan cavabı verdik. Şəhidlərimizi çıxardıq. Düşməni bir adım da olsa, torpaqlarımıza doğru addım atmağa qoymadıq. Həmin vaxt çox qürurverici hisslər keçirirdik. Döyüş burda başladı, Qarabağda qələbə ilə bitdi”.


Polkovnik-leytenant Aqil Cəfərov da Tovuz döyüşlərində “Mübariz postu”nda vuruşub. Hərbçi deyir ki, ermənilər həmin vaxt kəndlərimizi, mülki sakinlərimizi hədəfə alırdılar: “Ağdam kənd sakinlərindən biri - 76 yaşlı Əziz Əliyev evinə düşən mərmi nəticəsində şəhid oldu. Tovuz kəndlərində yerləşən evlərə onlarla top mərmiləri düşdü. Ancaq biz bu təxribata uymadıq, onların mülki sakinlərini təhlükə altında qoymadıq. Mərdcəsinə qarşılarını aldıq, Ordumuzun gücünü göstərdik”.
Postları qəhrəman Polad Həşimovun və şəhid olmuş döyüş yoldaşlarının ayağının izi ilə dolaşırıq, düşmən tərəfə onların gözü ilə baxırıq. Bu illər ərzində Azərbaycan Polad kimi neçə-neçə oğul qurban verdi, amma sınmadı, dönmədi, çəkilmədi, torpaqlarını işğaldan azad edəcəyinə inamını bir an belə itirmədi. Nəticədə bu inam, bu iradə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qalib gəldi. İyulun 12-də Tovuzda döyüşlərdə şəhid olan Polad və silahdaşları qəhrəmanlıq, qələbə simvoluna çevrildilər. Azərbaycan xalqının döyüş, qələbə ruhu general Həşimov və döyüşçü yoldaşlarının şəhid olması ilə ən yüksək həddə çatdı. Tovuzda düşmənin təxribatı ilə başlayan döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən noyabrın 9-dək aparılan təkrarsız, bütün dünyanı heyrətə gətirən hərbi əməliyyatlarla 44 gün ərzində Qarabağda qələbə ilə yekunlaşdı. Polad Həşimovu, İlqar Mirzəyevi və daha neçə-neçə qəhrəmanı özünə örnək bilən minlərlə Azərbaycan oğlu 44 günlük müharibədə canından keçdi, şəhidlik zirvəsinə yüksəldi, torpaqlarımızı düşməndən azad etdi.


Ruhunuz şad olsun, qardaşlar! Haqqınızı halal edin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar