"İnanıram ki, bu işdə nəyə nail olsaq bizim dövlətin gücü sayəsində mümkün olacaq. Rusiyada güc strukturları tərəfindən işgəncələrə məruz qalaraq həyatını itirmiş 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazəsini Heydər Əliyev adına hava limanında təhvil aldıq. Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, çox ciddi addımlar atıldı. Qısa zamanda cənazələr vətənimizə gətirildi".
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.
O bildirib ki, cənazələrin qarşılaşmasında izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər:
"Sonra Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı. Nəşlərin tanınmasında mən özüm iştirak elədim. Qısaca bunu da qeyd edim ki, istintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır işgəncə izləri və çoxsaylı öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi və mən bunu böyük ağrı hissilə qarşıladım ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar. Təəssüf doğuran haldır ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi açıqlamada onların stabil bir vəziyyətdə, həyəcandan, ürək tutmasından dünyalarını dəyişmələrinin ağ bir yalan olduğu, Rusiyanın çirkin simasına xas bir uydurma olduğu mənim gözümün qarşısında təkrar öz təzahürünü tapdı. Bundan sonrakı istintaq orqanlarının işidir. Mən sadəcə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı gerçəklərin ortaya çıxması üçün, bütün imkanlar səfərbər edilib. Bizim hələki doğma Mərzili kəndinə qayıtmağa imkanımız olmadığı üçün, Ağcabədidə aldığımız bu evdə vida mərasimi olacaq. Vida mərasimi keçirildikdən sonra, cənazə namazı qılınacaq. Ondan sonra, yaxınlıqdakı mənim atam, anam, yaxınlarınızın dəfn edildiyi məzarlıqda dəfn olunacaqlar. Orda qalanlardan ciddi xəsarət alanlar da var. Onların bir qismi hələ də təcridxanadadılar. Onların barəsində uydurma məhkəmə prosesi keçirilir. İçərisində mənim qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Ona məhkəmə tərəfindən verilən 72 saat müddət artıq başa çatmasına baxmayaraq, mənə elə gəlir ki onun çıxması üçün, süni maneələr yaradılması düşüncəsindəyəm. Amma ümidvaram ki, belə olmaz. Amma açıq deyim ki, ümidlərim azdır onlara. İnanıram ki, bu işdə nə olsa, nəyə nail olsaq bizim dövlətin gücü sayəsində mümkün olacaq".