“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur”.
Lent.az xəbər verir ki, bu sözləri TƏBİB-ın 4 illik hesabat konfransında icarçı direktor Vüqar Qurbanov deyib.
O qeyd edib ki, bundan əlavə ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir:
“Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılıb”.
V.Qurbanov artımın həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunduğunu açıqlayıb.