DİQQƏT!  - Heyvanlardan insanlara keçən virus xəstəlikləri
20 avqust 2021 22:17 (UTC +04:00)

DİQQƏT! - Heyvanlardan insanlara keçən virus xəstəlikləri

İnsanların yüz illər boyu heyvanlarla, hətta vəhşi təbiətlə təmasda olmasına baxmayaraq, bu canlılardan qorxunc virusların insanlara keçməsi daha çox son yüz ildə aşkar edilib. Yaxın zamanlarda yeniyetmə qızın pişik tərəfindən hücuma məruz qalması və xəstəxanaya yerləşdirilməsi mövzunu gündəmə gətirdi.

Heyvanların orqanizmində mikroblar, bakteriyalar, viruslar var ki, onlar asanlıqla, təmas vasitəsilə insan keçə bilir. Mənzilində ev heyvanları saxlayanlar diqqətli olun, mütəxəssislər yarana biləcək təhlükəli xəstəlikləri APA TV-yə danışırlar.

Mütəxəssislər qeyd edir ki, itlər və pişiklər insan orqanizmində həm virus, həm bakteriya, həm də parazit mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilirlər.

Tibb üzrə fəlsəfə doktoru, dosent, epidemioloq-virusoloq Lalə Rüstəmova qeyd edir ki, itlər və pişiklər arasında yayılan virus təbiətli xəstəliklər epidemioloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, pişiklərdən insanlara keçən qrip virusunun müxtəlif ştammlarına rast gəlmək olar, hətta Quş qripi- H7N2 ştamı epidemik alovlanmalara səbəb olur.

Fəlsəfə doktoru bildirir ki, heyvanlardan insanlara keçən quduzluq xəstəliyi də öz aktuallığını qoruyub-saxlayır: “Baxmayaraq ki, itlər və pişiklər arasında vaksinasiya aparılır, amma yenə də baytarlıq nəzarətindən kənar qalan sahibsiz itlər və pişiklər bu virusun daha təhlükəli ştamının daşıyıcısı olur. Beləliklə həmin virus ştammı da başqa heyvanlara, heyvanlar vasitəsi ilə də insanlara keçə bilər”.

Quduzlaşmış heyvanları necə tanıya bilərik, onlardakı simptomatik əlamətlər nələrdir? Sualımızı AQT İnstitutunun Heyvan Sağlamlığı Şöbəsinin aparıcı mütəxəssisi Çiçək Əliyeva cavablandırır. Onun sözlərinə görə əlamətlər insanlarda olduğu kimi, heyvanlarda da eynidir: “Sudan qorxma, işıqdan qorxma, aqressivlik, ağız suyunun çox ifraz olunması, ağızda köpüklənmə və. s əlamətlərlə özünü müşahidə etdirə bilər”.

Baytar-həkim həmçinin heyvanlarda olan parazit və mikrobların insanlarda yaratdığı xəstəliklərdən də danışıb. Bildirib ki, ev heyvanlarında olan qurd mənşəli törədicilər Exinokokkoz parazit xəstəliyini, xüsusilə pişiklərdə olan Bartonella törədiciləri bakteriyaları insanlara ötürür: “Belə ki, bu xəstəlikdə bitlər və birələr əsas faktor rolunu oynayır. Pişiklərin dırnaq vasitəsi ilə insan dərisinə təması və cırmağın yaranması nəticəsində həmin bakteriyalar insan orqanizminə sirayət edə bilər ki, bu zaman insanlarda yüksək temperatur, halsızlıq, iştahasızlıq və cırmaq nahiyəsində şişkinlik, absesin yaranmağı müşahidə olunur. Bu halda təxirə salınmaz ilkin tibbi yardım məqsədi ilə yara nahiyəsi bol su və sabunla yuyulmalı və ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir”.

Aparıcı mütəxəssis ev heyvanlarının xəstəliklərdən qorunması üçün ildə iki-üç dəfə, zərurət yarandıqda tez-tez həkim müayinələrindən keçməyini, eyni zamanda sağlam heyvanlarda peyvəndləmə prosesinin vacibliyini də vurğulayıb.

# 2724
avatar

Oxşar yazılar