Məhərrəmlik ayında toy etməklə bağlı “Cümə” məscidinin axundu Hacı Surxayın açıqlaması olub. Lent.az bildirir ki, axundun Yenisabah.az-a bu barədə verdiyi açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, Hacı Surxay Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb:
Hacı Surxay
“Klassik janr ədəbiyyatında Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, “Mahi Məhərrəm oldu, məqsədimiz haramdır”. Məhərrəm ayı gəldiysə, sevinmək belə haramdır. Nəyə görə haramdır? Bəzi insanlar deyir ki, bir ərəb ölüb ona görə yas saxlayırıq. Bu yanlış bir düşüncə və savadsızlığın əlamətidir. İmam Hüseyn peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Şəhidliyin bir adı var, Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. İmam Hüseyn ərəb və əcəm deyil. Şəhidliyin simvolik nümunəsidir.
Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bəzi insanlar deyir ki, şəhidlər üçün ağlamaq olmaz. Əgər bir insan torpağa tapşırılırsa onun üçün necə ağlamamaq olar? Məhəmməd peyğəmbər oğlu İbrahim öləndə ağladı. Dedilər Ya Rəsulallah niyə ağlayırsan? Dedi “ciyərimin bir parçasını torpağa basdırdılar”.
Bu səbəblərdən Məhərrəm ayında toy etmək icazəli deyil. Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdir Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir”.
Müsahib Məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:
“Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etməkdə o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.
Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir.
İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Hacı Qamət Süleymanov bildirib ki, Hacı Surxayın səsləndirdiyi fikirlərin heç birinin İslam dini ilə əlaqəsi yoxdur:
Hacı Qamət Süleymanov
“Onun açıqlaması heç nə ilə əsaslanmır. Ortada heç bir fakt yoxdur. Fikirlər onun boş iddialarıdır. Məhərrəmlikdə dünyanın əksər ölkələrində toylar keçirilir və heç bir problem də yaşanmır.
Məhərrəm ayında toy edənlərin xoşbəxt olmaması, uşaqlarının sağlam olmaması haqqında deyilən sözlər insanları qorxutmaqdan başqa bir şey deyil. Bununla ancaq sadəlövh, dini maarifçiliyi zəif olan şəxsləri təsir altına salmaq olar. Bu isə düzgün deyil”.
Hacı Qamət Süleymanov qeyd edib ki, dində evlənmək üçün hər hansısa bir ay və ya gün göstərilməyib:
“İnsanların xoşbəxt olub-olmaması, övladlarının sağlamlığı hansısa aydan və ya gündən asılı ola bilməz.
Və yenə deyirəm ki, İslamda bununla bağlı heç bir qadağa yoxdur”.