Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları ağacəkmə aksiyası keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları iştirak ediblər.
Azərbaycan təbiətinin böyük hamisi ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq 1000-ə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları digər dövlət orqanları ilə birlikdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirir.