Daha bu yerlərin ev sahibi işıqdır
10 oktyabr 2022 11:50 (UTC +04:00)

Daha bu yerlərin ev sahibi işıqdır

Dan yeri söküləndə...

Sübh tezdən evdən çıxmalıyam. “Azərişıq” ASC media nümayəndələrini Füzuli, Hadrut və Şuşaya səfərə aparacaq. Səhər saat 6-ya işləmiş taksi sürücüsü olan qonşu oğlan nənəsi ilə birlikdə qapıda məni gözləyirlər. Əntiqə nənə həmişə hər yerdə şuşalı qızı olduğunu qürurla deyir. “İlhamə, can bala, mənə ordan bir ovuc torpaq gətir, evim Vaqifin məqbərəsinin lap qarşındakı küçənin girəcəyindədir. Ölsəm, məzarıma töksünlər, qalsam ocağımın iyini alım” deyir. Maşına oturanda cadarlı əlini pəncərəyə sürtür, “Məndən Şuşaya salam de” deyir. Həsrət çöküb baxışlarına. Sanki vidalaşır kimi...

“İşğaldan azad olunmuş ərazilərə daxil olursunuz”. Yol kənarındakı bu bildirişdən sonra geniş çöllərlə saatlarla yol gedirik. Nə böyüklükdə bir ərazini itirdiyini gözünlə görüb daha yaxşı dərk edirsən. 

İlk dayanacağımız Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə mərkəzidir. Ətrafda ermənilərin viran etdiyi evlərin xarabalıqları görünür. Diqqətimi 3-4 metr aralıda, nə vaxtsa isti ocaq olmuş bir evin yarım metr hündürlüyündə kərpic divarları çəkir. İşığı sönmüş bu yurd yerindən bundan sonra minlərlə evə işıq paylanacaq. Bu da taleyin qəribə oyunudur. 

İşimizi bitirib yol alırıq Hadrut qəsəbəsinə. Bir zamanlar ermənilərin yaşadıqları evlər elə qoyub getdikləri kimi durur. Sadəcə insan əlinin, sığalının dəymədiyi hiss olunur. Unutqanlığımızın, mərhəmətimizin, humanizmimizin və düşmənin naşükürlüyünün portretidir Hadrut. 

Hadrutdan keçərkən yadıma uşaq vaxtı yaşadığım bir hadisə düşür. Evimiz tikiləndə atam bir erməni usta tapıb gətirmişdi. Qırmızı üzlü sarıbaş, dolu kişi idi Tolik usta. Deyirdi əslən hadrutludu. “Ucarın narından olmaz” deyib bağdan çıxmırdı. “Ara, ermənilər bilsələr ki, bu şoran torpaqda belə nar bitir, tökülüb gələrlər bura”. Yəqin bu sözlərin altında bir kibrli istək yatmamış deyildi. Bir səhər oyandıq ki, Tolik usta yoxa çıxıb. O qədər nar yemişdi ki, yatağını batırmış, gecəylə utandığından aradan çıxmışdı. Nənəm onun murdarladığı yorğan döşəyi bağın ayağında yandıra-yandıra deyinmişdi. “ Sizə deyirdim də, bu köpəyuşağı, donuz kimi yatdıqları yeri bulayır”. İllər sonra Hadrutda gəzib Tolik ustanı xatırlayacağım ağlıma gəlməzdi.  

Buludlara baş vura-vura gedirik. Şuşaya. 

Mistik bir qüvvə dartır məni qədim qala divarlarına tərəf. Əlimi çəkib güc almaq, ərənlərin ruhlarına toxunmaq istəyirəm. Əntiqə nənənin Şuşaya göndərdiyi o salamı da qala divarlarına söyləyirəm. “Sənin həsrətini çəkən, səndə isti odunu-ocağını qoyub gəlmiş bir qadının salamı var, sənə Şuşa”. Yolumuzu Vaqifin məqbərəsinə tərəf salırıq. Əntiqə nənənin dediyi səmtdə, qozlu məhəlləni axtarıram. Hərçənd burda elə bütün həyətlərdə qoz ağacı var. Məqbərəyə ən yaxın evin həyətindən bir ovuc torpaq götürüb kağıza bükdüm. Əntiqə nənə sevinəcək deyə. Təəssüf ki, Əntiqə nənə bu torpağı gözünə sürtüb, qoxusunu ala bilməyəcək. Geri dönəndə gecə saat 2 olardı. Səhər açılınca şuşalı qızının (o özünü həmişə belə adlandırırdı) ölüm xəbəri yayıldı qonşulara. Uzun müddət idi, xəstə idi, yatıb oyanmamışdı. Şuşaya gedə bilmədi, amma Şuşa salamını alıb, bir ovuc torpağını onun üçün göndərdi. Bir ayrı eşqdir Şuşa. Bir ovuc torpağı üçün ölünəcək qədər qara sevdadır. 

Qaş qaralınca səfər proqramımız bitir, Şuşanın özü qədər gözəl, dolanbac, dumanlı yolları ilə üzüaşağı enirik. Yol kənarlarına quraşdırılmış işıqlar göz qırpa-qırpa yola salır bizi. Bu səfərdə “ən çox xoşuna gələn nə oldu?” soruşsalar, deyərdim bizə ev sahibliyini “Azərişığ”ın etməsi. 30 illik zülmətdən sonra viran, kabus torpaqlara işıq gəlib, nur yayılıb. Nur bu yerlərin ev sahibinə çevrilib. Bundan gözəl nə ola bilərdi ki?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar