"Bundan sonrası sizlərə çox ağır olacaq" - FAZİL MUSTAFA
10 aprel 2023 14:51 (UTC +04:00)

"Bundan sonrası sizlərə çox ağır olacaq" - FAZİL MUSTAFA

"Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam".

Lent.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa "facebook" səhifəsində yazıb.

O bildirib ki, hələ namaz qılmağa və oruc tutmağa fiziki imkanları yoxdur:

"İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün bazarertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin on-line qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam".

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Arzu Qurbanlı

Oxşar yazılar