Bu qızdırıcı cihazlardan  istifadə yolverilməzdir – MÜSAHİBƏ
18 dekabr 2024 14:08 (UTC +04:00)

Bu qızdırıcı cihazlardan istifadə yolverilməzdir – MÜSAHİBƏ

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı Vüsalə Zahirovanın Lent.az-a müsahibəsini təqdim edirik: 

Vüsalə Zahirova

 

- Vüsalə xanım, havaların kəskin soyuyacağı gözlənilən bir ərəfədə insanlar mümkün təhlükələrin qarşısını almaq üçün nələrə diqqət yetirməlidir?

- Bildiyiniz kimi, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Ona görə də ölkə ərazisində soyuq və kəskin hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi ilə bağlı proqnoz verildikdə Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir. Bundan başqa qaz cihazı olan otaqda nəfəslik açıq saxlanılmalı, işlək qaz cihazı nəzarətsiz qoyulmamalıdır. Evi isitmək məqsədilə mətbəxdəki qaz plitəsindən istifadə etmək, onun üzərində dəsmal və paltar qurutmaq, qaz cihazını işlək vəziyyətdə qoyub yatmaq, qaz sobasını həddən artıq qızdırmaq olduqca təhlükəlidir. Eyni zamanda işləyən qaz cihazını uşağa, yaşlı və ya xəstə adamlara etibar etmək olmaz. Evdən çıxarkən cihaz mütləq söndürülməli və qaz borusu üzərindəki kran bağlanılmalıdır. Mənzilə girdikdə yalnız qaz sızmadığına tam əmin olduqdan sonra işıq və elektrik cihazını yandıra, açıq alovdan istifadə edə bilərsiniz. Qaz sızmasından şübhələndikdə isə dərhal qapı-pəncərələri açıb, evə qazın girişini bağlamaq və mütəxəssis çağırmaq lazımdır.

- Bəzən insanlar çarəsizlikdən (qaz və ya işığın kəsilməsi səbəbiylə) kustar üsulla hazırlanmış cihazlardan istifadəyə əl atırlar. Bu cihazlar nə qədər təhlükəlidir?

- Qeyd etdiyimiz kimi, heç bir halda nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etmək olmaz. Bu hal, ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola biləcək təhlükə yaradır. Ona görə də hər bir qızdırıcı cihaz sertifikatlaşdırılmalı və təhlükəsizlik standartlarına cavab verməlidir. İstehsalçı təlimatı və tövsiyələri mövcud olmayan qızdırıcı cihazlardan istifadə yolverilməzdir.

- Şəxsi evlərimizdə güclü küləklərlə bağlı öncədən hansı tədbirlər görə bilərik?

- Güclü küləklər dağıntı və hətta tələfata səbəb ola bildiyindən, bu cür hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Belə ki, mənzil və evlərdə qapı və pəncərələri bərkitmək, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırmaq, eyvan və digər açıq yerlərdən külək apara biləcək əşyaları təhlükəsiz yerə yığmaq lazımdır. Həmçinin, güclü küləkli hava şəraiti gözlənilirsə, küçəyə çıxmaq ehtiyacını azaltmaq məqsədilə öncədən ərzaq, su, vacib dərman ehtiyatı və fənər, şam, neft lampası kimi müstəqil işıq mənbəyi tədarük edilməsi tövsiyə edilir. Xüsusilə yanğın təhlükəsizliyi baxımından soba və elektrik cihazlarının sazlığı bir daha yoxlanılmalı və küləkli hava şəraitində təhlükəsizlik istismarı üçün lazımi tədbirlər görülməlidir.

- Bəs insanlara dağ yürüşləri və gəzintiləri ilə bağlı təhlükədən yayınmaq üçün nələr məsləhət görərdiniz?

- Xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda onun texniki göstəricilərinin mövsümə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152
avatar

Ləman Sərraf

Oxşar yazılar