Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizədə ölkəmizdə aparılan islahatlara yaxından maraq göstərir
25 aprel 2023 14:35 (UTC +04:00)

Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizədə ölkəmizdə aparılan islahatlara yaxından maraq göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində geniş miqyaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin qabaqcıl beynəlxalq standartlar və mütərəqqi təcrübəyə uyğunlaşdırılması məqsədilə nüfuzlu regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır.

Daha öncə məlumat verildiyi kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Ekspertlər Qrupu aprel ayının 17-dən 21-dək ölkəmizə rəsmi səfərdə olmuşdur.

Səfərin məqsədi təşkilatın Anti-Korrupsiya Fəaliyyət Planı üzrə V dəyərləndirmə mərhələsi çərçivəsində Azərbaycanda bir sıra sahələrdə həyata keçirilən tədbirlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi olmuşdur.

Qurumun ekspertləri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasəti, dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda dürüstlük standartlarının tətbiqi, prokurorluq və məhkəmə sistemində şəffaflıq, korrupsiya cinayətlərinin istintaqı, eləcə də cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə tanış olmuşlar. 

Müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğunun struktur qurumları, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, həmçinin Azərbaycan Respublikası Milli Məclisi və Nazirlər Kabineti, Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Maliyyə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti də daxil olmaqla 20-dən artıq dövlət qurumunun əməkdaşları, müxtəlif instansiya məhkəmələrinin hakimləri, vətəndaş cəmiyyəti institutları, eləcə də paylarının nəzarət səhm zərfi dövlətə məxsus hüquqi şəxslərin nümayəndələri iştirak etmiş, ekspertlərin suallarını cavablandırmışlar.

Aprelin 21-də dəyərləndirmə mərhələsinin ölkə missiyasının yekunlaşması ilə əlaqədar olaraq ekspert qrupunun üzvləri ilə qurumun Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmiz üzrə Milli Koordinator – Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüş zamanı çıxış edən Baş prokuror Kamran Əliyev bir daha ölkəmizdə korrupsiya və oxşar neqativ hallara qarşı mübarizə ilə bağlı qəti siyasi iradənin mövcudluğunu vurğulamış və bu çərçivədə beynəlxalq tərəfdaşlığa yüksək önəm verilməsini qeyd etmişdir.

Bundan sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edilməsini qeyd edərək ölkəmizlə təşkilat arasında uzun illərə dayanan əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulamışdır.

Daha sonra çıxış edən Ekspertlər Qrupunun rəhbəri xanım Jolita Vasiliaskuayte yaradılmış işgüzar şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş, səmərəli müzakirələr nəticəsində əldə edilmiş ilkin məlumatlara əsasən, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin bir çox istiqamətləri üzrə müsbət dinamikanın mövcud olması qənaətinə gəldiklərini bildirmişdir.

Məlumat üçün qeyd edilməlidir ki, hazırkı səfər çərçivəsində əldə edilmiş məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin oktyabr ayında Fransa Respublikasının Paris şəhərində keçiriləcək müzakirələrdən sonra qəbul edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar