Bəy qızının bir əsrlik inadı:   “Şuşaya gedə bilməzdim...” – Lent.az-dan ROMAN KİMİ YAZI – II HİSSƏ
22 yanvar 2021 17:29 (UTC +04:00)

Bəy qızının bir əsrlik inadı: “Şuşaya gedə bilməzdim...” – Lent.az-dan ROMAN KİMİ YAZI – II HİSSƏ

91 yaş!

81 il!

404 km yol!

Tar-mar olunmuş ev!

Bir az sərbəst şeiri xatırlatdı sizə, bəlkə də.

Bir az da o məşhur filmdəki məşhur epizodu: “Sim, nar, qanlı daş”.

91 yaşı var!

81 ildi 404 km yolu gedib tar-mar olunmuş evlərini görə bilmir.

Hə, başa düşürəm, yenə də mücərrəd oldu. Bəlkə bu söz oyununu bitirib filmə baxaq? Yox, bu da olmadı, bəlkə belə: Lent.az-da film kimi bir hekayə danışaq sizlərə?

 

 *** 

 

 

Əvvəli: https://lent.az/xeber/sosial/susadaki-81-illik-sirr-dagilan-tifaq-bey-qizinin-inadi-lentaz-da-roman-kimi-yazi-i-hisse-393928

 

 

...Düz 56 il hər gün, bir ünvana üz tutur Məryəm xanım: Mehdi Hüseyn küçəsi, 1 ünvanına. Azərbaycan radiosuna. Bu radionun əvəzedilməz “Ana” jurnalının aparıcısı olub. İllər boyu ən populyar, necə deyərlər, ən reytinqli veriliş imiş. Bu verilişdə respublikanın bütün bölgələrində yaşayan anaların, qadınların, qızların çalışdıqları sahələrdə qazandıqları uğurlardan, arzu və istəklərindən, Azərbaycan qadınına xas olan mənəvi dəyərlərdən söhbət açılardı. Ay ərzində yüzlərlə məktub alarmış Məryəm xanım dinləyicilərindən. Onların arasında Şuşadan göndərilənlər olurdu. Bəlkə də bir zamanlar məsum uşaqlığını keçirdiyi Ocaqverdi küçəsinin sakinlərindən də.

Zərfin üzəridəki “Şuşadan” sözünü oxuyub ah çəkər… amma Şuşaya getməzdi! Azərbaycanı kəndbəkənd gəzər, reportajlar hazırlayardı, amma Şuşaya getməzdi! Laçına, Ağdama, Xankəndinə gedər, Şuşaya getməzdi!

Ağlayardı, sızlayardı uzaqdan Qalaya baxardı, ürəyi sıxılardı, amma getməzdi, getməzdi!

 

Və indi, üstündən 81 il keçəndən sonra, soyuq bir qış günü Bakının mərkəzində, isti bir otaqda onunla oturub söhbət edəndə, açığı, bunun səbəbin də ehtiyatla soruşuruq. Bəlkə cavab verməyəcək, deyə. Amma…

 

- Getmədim, düz 52 il, Şuşa işğal olunanadək getmədim. Amma indi getmək istəyirəm.  Noyabrın 8-də Prezident o şad xəbəri deyəndə, Ziyada dedim ki, “kurtkamı” gətir, Şuşaya gedirik. Dedi, nənə, indi orada əsgərlərdən başqa heç kim yoxdu. Harda qalacağıq? Dedim, sənin ulu babanın evi var orda, nənənin evi var orda.

 

- Niyə getmirdiz axı?

 

 - (Köks ötürür) Anama görə. Siz bəlkə də məni başa düşməzsiniz, o hisləri yaşamamısınız. Hə, məhz anama görə. Mənim, 10 yaşlı bir qızcığazın gözünün önündən getmir o səhnə. Biz anamızı o vəziyyətdə görməmişdik. Biz oradan gözüyaşlı çıxmışdıq. Anamın gözünün yaşı qurumadı illərlə. Şuşaya gedənlər evimizdən xəbər gətirərdi. Anam ağlayardı. Özü ora bəy xanımı kimi gedə bilərdi ancaq. Öz evinə gedərdi. Hansısa rəsm qalereyasına getməzdi. Biz anamızın xanımlığını görmüşdük, biz o cür dolanışıq, qayğı görmüşdük. Biz, bacım Nuriyyə ilə mən söz verdik ki, o evə getməyəcəyik.

 

- O evə getməzdiz, Şuşaya gedərdiz...

 

- O ev Şuşanın hər yerindən görünür, oğlum. (Fikrə gedir)

 

Qızı Fərəh xanım deyir ki, Şuşaya gedənlər hərdən anama, nənəmə  xəbər gətirirdi.  

 

- Atam gedib, dayılarım gedib. Amma anamla xalam yox.

 

Məryəm xanım deyir, bir dəfə radioya gedəndə qapıda bəstəkar Süleyman Ələsgərov və dostları ilə rastlaşır.

 

- Süleyman müəllim dostlarına dedi ki, bilirsiniz bu kimdi? Şuşadakı o gözəl imarətin sahibi Abbasqulu bəyin qızı. Orda kimlər olmamışdı, kimlər. Mənsurovlar ailəliklə gələrdi. Bir mis qabımız var idi. Anam deyirdi ki, Mansurovların ataları Şuşaya gələndə atam mis qabla bir paxlava bişirtdirirdi. Elə bir sənət adamı olmazdı ki, Şuşaya gəlsin, bizdə gecələməsin. Onlar evimizə heyran qalardılar. Evimiz vitraj güzgüləri ilə məşhur idi, bütün Qarabağda. Bütün pilləkən və eyvanlar ağacdan hazırlanmışdı. Bunların hamısını İrandan gələn ustalar düzəltmişdi.

 

Ziyad deyir ki, illər öncə “google maps”-da evi tapıb, nənəsinə göstərib.

 

- İşğaldan sonra vandallar evi pis günə qoyublar. Evin qiymətli vitraj şüşələri, eyvan, onların hamısı güman ki, satılıb, yoxdu. Amma ev özü durur. Sağ tərəfi dağılıb. Evi birinci dəfə internetdə tapanda nənəmə şəkli göstərdim. Dedim ki, tanıdın buranı?  Baxan kimi dedi ki, bizim Şuşadakı evimizdi. Gözü zəif görür, amma fikirləşmədən, baxan kimi dedi ki, bu bizim Şuşadakı evimizdi.

 

***

 

Zöhrabbəyovlar böyük nəsil olublar. Təkcə Azərbaycanda yox, imperiyanın bir sıra şəhərlərində yaşayırmış bu nəslin nümayəndələri. Vladiqafqazda isə bu nəsildən olan Mirzə Salah Zöhrabbəyov yaşayıb. Hətta onun orada şəxsi mülkü də varmış. Üzərində Zöhrabbəyov yazılmış bir bina. Mirzə Salah bəy hər yay Şuşaya gələrmiş. Bir neçə ay burda qalarmış, Abbasqulu bəyin evində.

 

Məryəm xanım:

 

- Şuşanın havası mənə düşür, deyirdi Mirzə Salah bəy. O gələndə anam deyirdi ki, qurbandı sənə bu ev. Hansı otaqda istəyirsən, qal. Beş-altı qızı vardı. Amma nə arvadını, nə də qızlarını gətirirdi Şuşaya. Təkcə özü gəlirdi. Sovet hakimiyyəti qurulduqdan sonra isə Mirzə Salah birdəfəlik Şuşaya gəlib, orda məktəb açdı, müəllim kimi işlədi.

 

Ziyad deyir ki, Şuşa işğaldan azad olunandan sonra bir internet resurslarının birində Abbasqulu bəyin evinin guya Mirzə Salah bəyə məxsus olması barədə qeydlərlə rastlaşıb.

 

- Nənəm deyir ki, Şuşanı yenidən görə biləcəyimi bilmirəm. Amma həqiqətin qalib gəlməsini çox istəyirəm. Yəni nənəmə o evdən heç nə lazım deyil, təbii. Sadəcə, ədalətin, həqiqətin qalib gəlməsini istəyir. “Vikipediya”da da belə saxta məlumat var ki, guya bu ev Salah bəy Zöhrabbəyovun evidir. Kimsə, özü də bu yaxınlarda evin Salah bəy Zöhrabbəyova məxsus olduğunu göstərib. İşğal vaxtı, yəni 28 il müddətində bu məqaləni “Vikipediya”da görməmişəm. Bizə elə gəlir ki, bu qəsdən edilib.

 

Məryəm xanım birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub yazaraq, elə bu məqamla bağlı narahatlığını bildirib. Ondan kömək istəyib.

“Əziz Mehriban xanım! Mən, Zöhrabbəyova Məryəm Abbasqulu qızı, 1930-cu ildə Şuşa şəhərində anadan olmuşam. Azərbaycan radiosunun ilk qadın redaktoru kimi orada 56 il işləmişəm. “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşəm.

Sizə yazdığım məktubumun məqsədi ondan ibarətdir ki, atam Zöhrabbəyov Abbasqulu bəy Kərbəlayi Ələkbər oğlunun Şuşadakı evi başa düşmədiyim səbəblərə görə bəzi yerli kütləvi informasiya vasitələrində atamın qohumu Mirzə Salah Zöhrabbəyovun evi kimi təqdim edilib. Mirzə Salah Zöhrabbəyov atamın qohumu idi. Çar Rusiyası dövründə ailəsi ilə Şimali Qafqazda, Vladiqafqaz şəhərində öz evində yaşamışdı. Bəzən yay mövsümündə atamın Şuşadakı evinə qonaq gəlib qalardı.

Sovet hakimiyyəti qurulduqdan sonra Mirzə Salah Şuşada məktəb açaraq, müəllim kimi işləyirdi. Atam, anam və biz - beş uşaq 1940-cı ildə Şuşadan Bakıya köçdük. Sonralar Şuşadakı evimiz dövlət tərəfindən Şəkil qalereyasına çevrilmişdi. Bir neçə dəfə Bakıdakı evimizə muzeyin işçisi gəlib, anamdan atamın həyatı haqqında, Şuşadakı evimiz haqqında yazılar aparırdı. Hətta rəhmətlik anam atamın saxlanılan bir neçə əşyasını da muzeyə bağışladı.

 

Əziz Mehriban xanım, Şuşanı yenidən görə biləcəyimi bilmirəm, amma həqiqətin qalib gəlməsini çox istəyirəm. Vətənimiz naminə Sizin həqiqətən titanik işlərinizi böyük qürur hissi ilə izləyirəm. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm”.

 

Hə, bir də Şuşaya getmək istəyir 91 yaşlı Məryəm xanım. Düz, 81 ildən sonra.

 

- Cənab Prezident mən bu arzuma çatdırar, inşallah! İstədiyim budu təkcə, əlimi, yanağımı evimizin divarına sürtüm. Həyətimizi qoxulayım. O güllərin ətri də qayıdar bəlkə də... O çörəyin ətri də. Anamın, bacımın ruhu da mənimlə olacaq, sevinəcək...

 

SON!

Nigar Adil

Səbuhi Məmmədli 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13137
avatar

Oxşar yazılar