Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı  - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 17:11 (UTC +04:00)

Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ

91 yaş!

81 il!

404 km yol!

Tar-mar olunmuş ev!

Bir az sərbəst şeiri xatırlatdı sizə, bəlkə də.

Bir az da o məşhur filmdəki məşhur epizodu: “Sim, nar, qanlı daş”.

 

91 yaşı var!

81 ildir, 404 km yolu gedib tar-mar olunmuş evlərini görə bilmir.

Hə, başa düşürəm, yenə də mücərrəd oldu. Bəlkə bu söz oyununu bitirib filmə baxaq? Yox, bu da olmadı, bəlkə belə: Lent.az-da film kimi bir hekayə danışaq sizlərə?

 

***

 

Məryəmdi adı. 91 yaşı var. 81 ildir ki, Bakıdan 404 km uzaqlıqda yerləşən evlərinə gedə bilmir. Hə, 81 il əvvəl ailəlikcə sürgün olunduqları evlərinə. O evlərinə ki 10 yaşında tərk etmişdi.

O evlərinə ki o evi, həyətlərini indiyədək xatırlayır. Elə oranı tərk etdikləri günü də, saatı da…

 

***

 

Zöhrabbəyovlar Şuşada köklü nəsildirlər. Bu nəsil öz başlanğıcını Zöhrab bəydən götürür. Şuşanın əsası qoyulandan bir neçə il sonra anadan olubmuş Zöhrab bəy. Gəncliyində yaxın qohumu, Şuşanın daha bir köklü nəsli olan Qalabəyovlara xidmət etmişdi. O dövrdə Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuzikilər mahalının naibləri idilər.

Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyıblar çar Rusiyası vaxtı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra nəsil soyadındakı bəy sözündən məcburən imtina etməli olub. Elə Məryəm xanım da.

Məryəm xanım Zöhrab bəyin kötücəsidir. Abbasqulu bəyin qızı. Abbasqulu bəy 1868-ci ildə Şuşada doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Abbasqulu bəy ticari işlərini əsasən İranla aparırdı.

 

İrana gedəndə isə yolüstü Tuğda xalasıgildə qonaq qalırdı. Abbasqulu bəy xalası uşaqlarına baş çəkər, onlara şəhər sovqatı aparardı. Yeri gəlmişkən, onun babası Mir Mehdi Xəzani və dayısı Mir Həmzə də Tuğ kəndində yaşayırdı. Mir Mehdi Xəzani Şuşa şəhərinə qızını yoluxmağa gələrkən Mir Möhsün Nəvvabla da dostlaşmışdı. “Kitabi-tarixi-Qarabağ” adlı kitabını onun daşbasma mətbəəsində çap etdirmişdi.

 

Həm Abbasqulu bəyin, həm də qardaşlarının Şuşada böyük evləri vardı. Əslində o ev Abbasqulu bəyin atası Əkbər bəy sağ olanda tikilməyə başlanmışdı. Onun anası Seydəbəyim xanım Şuşaya gəlin gələndə ev hələ yarımçıq idi. Binanı tikintisini başlayandan az sonra Əkbər bəy vəfat etmişdi. Tikintini oğlu Abbasqulu bəy, Məryəm xanımı atası başa çatdırmışdı. Bəy evin tikintisinə Türkiyədən, İrandan gözəl ustalar dəvət edir. Amma evin memarı Səfi bəy Qarabaği olur.

 

Binanın bir tərəfi dörd, digər tərəfi 3 mərtəbəli olub. Üç mərtəbəli hissə  Abbsasqulu bəyin qardaşı Mustafa bəydən ötrü nəzərdə tutulubmuş. Evin son dərəcə iri və geniş şüşəbəndi başdan-ayağa antik rəsmlərlə bəzədilibmiş. Tikinti zamanı hansı boyadan istifadə olunduğunu müəyyən etmək çətin imiş. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı mətbəx, ayaqyolu, kanalzasiya xətti varmış.

 

Bina o qədər hündür imiş ki, Cıdır düzü əl içi kimi görünürmüş. Abbasqulu bəy həyəti hündür, daş barılarla hördürmüşdü ki, gəlinlər, evlərin içi görünməsin. Məryəm xanım da bu evdə dünyaya gəlib, 91 il əvvəl.

Ümumiyyətlə, Abbasqulu bəyin Kərim, Əkbər, Zöhrab adlı oğulları, Nuriyyə, Məryəm adlı iki qızı olub. Onların arasında indi sağ qalanı Məryəm xanımdır. Evin sonbeşiyi olan  Məryəm.

 

1930-cu ildə dünyaya gəlib. Orta təhsilini Bakıdakı 7 nömrəli məktəbdə alıb. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU) filologiya fakültəsinin jurnalistika bölümünü bitirib. Elə həmin ildən də görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin dəvəti ilə radioda redaktor vəzifəsinə təyin olunub. Bir maraqlı fakt: Məryəm Zöhrabova Azərbaycanın ilk qadın reportyoru və ilk qadın redaktorudur...

 

***

 

Şuşa: Qurdlar məhəlləsi, Ocaqverdi küçəsi.

1940-cı ilin martı.

 

Bütün SSRİ-ni ağuşuna alan repressiya Azərbaycanda da tüğyan edirdi.  Və bir gün bu dalğa Şuşaya Abbasqulu bəy Zöhrabbəyovun ailəsinə də çatdı. Əslində qolçomaq damğası vurulan  Abbasqulu bəyi həmin vaxt həbs də edə bilərdilər. Amma bir qədər ehtiyat edirlər. Bu da səbəbsiz deyildi. Çünki o, nəinki Şuşada,  külli Qarabağda xeyirxah və nəcib insan kimi tanınırdı. Abbasqulu bəy Şuşa xəstəxanasının, məktəblərin tikintisinə, məhəllələrə su çəkilməsinə, kimsəsizlərə və ehtiyacı olan insanlara böyük  pullar xərcləmişdi. Bəlkə də elə bu məqamlar ailə başçısını ən azı sürgündən xilas etmişdi. Amma…

Amma günlərin bir günü qırmızı papaqlılar onun evinə də gəldilər.

91 yaşlı Məryəm xanımla 81 il əvvələ qayıdırıq:

 

- Evimizin əlimizdən alındığı, Şuşadan çıxdığımız gün, hamısı yadımdadı. Şuşanın daşları, ağacları, evin birinci mərtəbədə çatları, hamısı. Həyətimiz sanki böyük park idi. Hər iki tərəfdən iri darvazaları var idi. Yuxarı tərəfdəki darvazadan atam atla gələrdi. Çünki tövlə orada yerləşirdi. Darvazaların ətrafında qoz, gilas, armud, tut ağacları vardı. Uşaq vaxtı, meyvə yetişəndə ağacdan düşməzdik. Həyətimizin bir tərəfində Xorasandan gətirilmiş gül ağaclarının, zirincin ətri bütün həyəti başına götürərdi. Anam həmin güllərdən özü gülab çəkir, gül mürəbbəsi bişirirdi. İri təndirimiz vardı. Orda çörək bişəndə bütün məhəlləyə yayılardı ətri. Təndirin yan tərəfində isə fındıq və gavalı ağacları. Evimiz çox böyük idi. Hətta o qədər böyük ki, evdə qulluqçular, nökərlər  üçün də otaqlar vardı. Ona qədər yadımdadı. Həmin gün…

 

Həmin gün heç bir xəbərdar edilmədən az qala bir ordunu tökürlər Abbasqulu bəyin qapısına.  Məryəm xanım deyir ki, milislər və əsgərlər evi üzük qaşı kimi mühasirəyə alıblarmış. Sanki cinayətkar dəstəni yaxalayacaqdılar.

 

- İndiki kimi yadımdadı. Anam samovar qaynatmışdı. Qaynar samovarı belə təpiklə vurub aşırdılar. Evi əməllicə yağmalayırdılar. Atam xalça tüccarıydı. Evdəki bütün xalçaları, hətta yorğan-döşəyi belə götürdülər, kibrit çöpünü belə qoymadılar. Bir zabit vardı, elə hey qışqırırdı, evdə heç nə qoymayın, hər şeyi götürün. Əynimizdəki paltardan başqa hər şey əlimizdən aldılar. O vəziyyətdə Şuşada qala bilməzdik. Evinin tar-mar edilməsi atama pis təsir etmişdi. Qüruruna sığışdıra bilmirdi. Cəmi on il yaşadı ondan sonra, 50-ci ildə vəfat etdi.

 

Zöhrabbəyovlar ailəsi məcburən Bakıya köçməli olurlar. Atası xırda ticarətlə məşğul olaraq övladlarını böyütməli olur. Məryəm xanımın nəvəsi Ziyad deyir ki, nənəmgil Şuşadan Bakıya köçəndə özləri ilə heç nə götürməmişdilər. Ancaq bir-iki zəruri əşya.

Çünki sovet əsgərləri hər şeyi aparmışdılar. Şuşadakı evdən bir dənə aş bişirmək üçün qazan qalmışdı. Yox, bir də bir boşqab. İçərisi qravüralı çini qab.

 

Məryəm xanım deyir ki, o vaxt həm Bakıdakı, həm də Şuşadakı varlılar Avropadan çoxlu əşyalar, xüsusən də qab-qacaq gətirirdilər. Həmin evdən yadigar qalan yaşı bəlkə də əsr yarmı keçən bir qabı da xilas edə biliblər.

 

Bakıya köçəndən sonra həm bacısı Nuriyyə, həm də Məryəm xanım soyadlarını Zöhrabovaya dəyişmək məcburiyyətində qalıblar. Əks halda, ali məktəblərin qapıları onların üzünə bağla qalacaqdı.  Nuriyyə xanım tibb institutunu bitirir. Ölkənin tanınmış onkoloqlarından biriydi. Ötən il 95 yaşında vəfat edir.

Nə Nuriyyə xanım, nə də Məryəm xanım on illər ərzində bircə dəfə də Şuşaya getmirlər. Yaxşı, 28 illik işğalı müddəti bir kənara qoyaq, bəs niyə 52 il ərzində, bayaq da dediyimiz kimi Bakıdan 404 km uzaqlıqda yerləşən doğma yurdlarına getməyiblər?

Evləri dağılıbmış?

Xeyr!

Ev yerindədi.

Sovet hökuməti oranı Abbasqulu bəydən alandan sonra uşaq qalereyasına çevirmişdi. Qohumları qalmamışdı?

Xeyr! Həm Şuşada, həm Tuğda qohumları, dostları vardı...

Bəs niyə? Nəyə görə? Nə idi səbəb?

Lent.az-da qalın. Başqa heç yerdə oxumayacaqsınız!

Nigar Adil

Səbuhi Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45378
avatar

Oxşar yazılar