Bayrama bayram qatan sərəncam
19 mart 2021 11:03 (UTC +04:00)

Bayrama bayram qatan sərəncam

Bayram bayrama qarışdı. Azərbaycan prezidenti Novruz bayramına sayılı günlər qalmış növbəti humanist addımını atdı. Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi.

Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldı. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunub.

 

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.  Həmişəki əfv sərəncamları kimi bu dəfə də müxtəlif kateqoriyadan olan məhkumların dövlətin humanist münasibəti ilə əhatə olunduğunu göstərdi.

 

Təsəvvür edin, əfv edilənlər arasında bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin, həmçinin Nardaran hadisələrinə görə həbs olunanların bir qrupunun adlarının olması, xüsusilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi məhkumların cəzasının başqa cəza növü ilə əvəzlənməsi olduqca alqışlanandır. Əslində, bayram əhval-ruhiyyəsi yaradan əfv sərəncamı humanizmin, bağışlamağın Azərbaycan iqtidarının başlıca dəyəri olduğunu sübut edir.

 

Yüzlərlə məhbus  bayramı ailəsində, əzizləri və övladları ilə birgə qeyd edəcək. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci il oktyabrın 18-dən ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Azərbaycanda ölüm hökmü ləğv edilib.

 

Humanizm başlıca prinsip kimi götürülüb. Bir məqamı da xüsusi vurğulayaq; əfv sərəncamı cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətlərini gücləndirir. Sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar