Bayılda əcəl zəngi, güllələnən qardaşlar, xilas olan nazirlər  - 24 il əvvəl...
10 fevral 2022 20:15 (UTC +04:00)

Bayılda əcəl zəngi, güllələnən qardaşlar, xilas olan nazirlər - 24 il əvvəl...

 Məmmədov Akif Hidayət oğlu, Məmmədov İslam Aslan oğlu, Madiyev Nizami Madi oğlu, Şetinov Andrey Nikolayeviç, Fətullayev Elşad Rəşid oğlu, qardaşlar - İsmayılov Qardaşxan Feyruz oğlu, Kazımov Bəylər Feyruz oğlu, Boqdanov Roman Yeqoroviç və Salman Aslanoviç Fərmanov...
Bu adlar sizlərə heç nə deməyəcək. Amma bu adamlar Azərbaycanda güllələnən son adamlardı. Xeyr, qətlə yetirilən yox. İldə güllə yarasıyla və qəsdən onlarla adam qətlə yetirilir. Bu adamlar onlardan deyil. Onlar, haqlarında güllələnmə hökmünün icra olunduğu sonuncu şəxslərdir...

***

Azərbaycanda cinayətə görə ölüm hökmü 1918-ci ildən tətbiq olunsa da, iki il sonra ləğv edilib. Amma iki il sonra yenidən bərpa edilib. Bir neçə il sonra ən ağır cinayətlərə görə ölüm cəzası 25 illik həbslə əvəzlənsə də, 1950-ci ildə yenidən bərpa olundu. Və beləliklə, düz 48 il ölüm hökmü Azərbaycan Cinayət Məcəlləsində özünə yer tutub.

***
Azərbaycanda ölüm korpusu Bayıl həbsxanasında yerləşib. Ölümə məhkum olunmuş şəxslər məhz burada öz əcəl saatlarını gözləyiblər. Tanımış hüquq müdafiəçisi Eldar Zeynalov ölümə məhkum olanların saxlanıldığı 5-ci korpus haqqında danışarkən deyir ki, həmin ərazi həbsxana altı metr hündürlüyü olan hasara alınıb, buranın qülləsi, xarici və daxili mühafizəsi olub:
“Adi dəmir giriş qapısından əlavə, korpusun kiçik həyətə açılan çıxışı vardı. Buradan edam olunanların meyiti gizlicə xüsusi avtomobilə yüklənirdi”. 

Eldar müəllim deyir ki, 5-ci korpus sıra nömrələri 118-dən 132-yə qədər olan doqquz tək və altı ikinəfərlik kameradan ibarət olub. Binanın daxilində, 20 metrlik dəhlizin hər iki tərəfində “starşina” otağı, anbar və kameralar yerləşib:

“Dəhlizin sonunda, sağda, 125 saylı kameranın və hamamın yanında, güllələmə zirzəmisinə aparan, çox da gözə çarpmayan qapı vardı, Dəhşət orasındadır ki, ölümə məhkum olanlara gəzinti qadağan idi. 1998-ci ilin fevralında 36 yer limiti olan 16 kamerada 128 məhbus saxlanılıb”.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov mətbuata verdiyi açıqlamada mövzuyla bağlı maraqlı məqama toxunur. Onun dediyinə görə, sovet dövründə güllənmə hökmü Bayıl həbsxanasının zirzəmisində icra olunurdu. Hökmün icrası zamanı adətən ali məhkəmənin nümayəndəsi, prokurorluğun nəzarət idarəsinin işçisi, həkim və ən əsası da Bayıl həbsxanasının rəisi iştirak edirdi. Güllələnmə prosesi zamanı məhkumun əlləri arxadan bağlanırmış, ağzına qışqırmasın deyə, rezindən hazırlanmış tıxac tıxayırmışlar. Hökm zamanı ölümə məhkum edilmiş dustağın qulağının dibindən iki güllə vurulurmuş. 

Zeynalovun dediklərindən: “Atəş açıldıqdan sonra həkim məhkumun nəbzini yoxlayırdı, əgər ölmürdüsə, daha bir güllə vurulurdu. Öldükdən sonra ölüm faktı qeydə alınırdı”.
Bir maraqlı məqam: hökmün icrasından nə əvvəl, nə də sonra məhkumların ailələrinə xəbər verilirdi. 

***

1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.

Bu gün Azərbaycanda ölüm hökmünün ləğvindən 24 il keçir. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, amma cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Əlikram Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib. 

Bir məsələni də qeyd edək, Azərbaycanda ölüm hökmü yalnız bir üsulla, güllələnmə ilə icra olunub. Məlumatlı mənbələrdən Lent.az-a bəlli olub ki, ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü, suda boğma da tətbiq edilib. 
***
Heç kimə sirr deyil ki, bəzən istər sosial şəbəkələrdə, istərsə də yüksək tribunalardan Azərbaycanda baş vermiş dəhşətli cinayətlərə görə, ölüm hökmünün bərpa olunması barədə fikirlər səslənir. Amma hələ ki bərpadan söhbət gedə bilməz. Həm də ona görə ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7395
avatar

Səbuhi Sədəf

Oxşar yazılar