Vüsal Kərimov
11 aprel 2022 14:20 (UTC +04:00)

Vüsal Kərimov

Bakının və paytaxt sakinlərinin başağrısı: BNA və VÜSAL KƏRIMLİ

Heç kimə sirr deyil ki, uzun müddətdir ki, Bakının yollarında “pik saat” anlayışı yoxdur.

Sevinməyə və vaxtından əvvəl nəticələr çıxarmağa tələsməyin. Söhbət paytaxtda hərəkətin və ictimai nəqliyyatın təşkilinə cavabdeh olan müvafiq strukturların uğurlu işindən getmir. Hər şey tam əksinədir - gecə saatları istisna olmaqla, Bakıda qalan vaxt pik saat hesab olunur.

Lent.az vesti.az-ın Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtın nəqliyyat infrastrukturundakı fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini ortaya qoyan araşdırmanı ixtisarlarla təqdim edir.

Nəqliyyatın sıxlığı, mərkəzi və hətta mərkəz hesab edilməyən küçələrdə sonsuz tıxaclar avtomobil sürücülərinin əsəblərini çoxdan korlayıb. Bir tərəfdən avtomobillərin çoxluğu şəxsi avtomobil almağa imkanı olan vətəndaşların rifahının göstəricisidirsə, digər tərəfdən bu, adı bir çox paytaxt sakinlərinin dilinə düşən Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA-nın zəif təşkilatçılığının nəticəsidir.

Hələ nəqliyyat kartlarına pul yükləmək üçün terminal tapa bilməyən vətəndaşların çoxsaylı şikayətlərini bir kənara qoyaq. Avtobusa minməzdən əvvəl “kimin kartında pul var” ifadəsi artıq adi hala çevrilib.

BNA rəhbərliyi avtobus sürücülərinin sərnişinlərlə necə mehriban davranması ilə bağlı görüntüləri yaymağı çox sevir.

Eyni zamanda, sürücülərin avtomobillər üçün yolu kəsməsinə, idarə etdikləri böyük ölçülü avtobusların digər zolaqlara kəskin şəkildə keçməsi və yaxud taksi vurmasına göz yumurlar. BNA avtobus sürücülərinin yolda davranışı ayrıca müzakirə mövzusudur.

Bundan əlavə, intellektual nəqliyyat idarəetmə sisteminin yaradılması ideyası cəhənnəmə vasil oldu. Paytaxt sakinləri əvvəlcə güman edildiyi kimi, onlara lazım olan avtobusun hərəkətini izləmək, onun neçə dəqiqəyə çatacağı barədə məlumat almaq mümkün olan dayanacaqlardakı monitorların işlək vəziyyətini gözləmirdilər.

Yeri gəlmişkən, əlavə xərclər haqqında. Marşrut xətləri elə qurulub ki, Bakının bir çox sakinləri lazım olan yerə çatmaq üçün bir neçə avtobus dəyişməli olurlar ki, bu da əlavə xərcdir.

Avropanın bir çox şəhərlərində bu problem çoxdan həll olunub. Məhz, bir sərnişinin bir nəqliyyata - avtobus, tramvay və ya metroya aldığı bilet bəzi şəhərlərdə bir, bəzi şəhərlərdə iki saat etibarlıdır. Yəni bu şəhərlərin nəqliyyat işçilərinin məntiqi BNA rəhbərliyindən fərqli olaraq düzgün işləyir: bir istiqamətdə gedən, lakin bir neçə marşrutu dəyişməli olan şəxs bunun üçün artıq pul ödəməməlidir.

Bunun əksinə olaraq, BNA rəhbərliyinin məntiqi və zehni “düzgün” başqa istiqamətdə işləyir: paytaxtın bütün nəqliyyat infrastrukturunu, o cümlədən taksiləri necə ələ keçirmək olar. Şübhəsiz ki, Vüsal Kərimlinin taksi xidməti sektorunu “tutmaq”, şirkətləri vahid tariflə işləməyə məcbur etmək cəhdini, eyni zamanda, tarifin avtobuslardan qat-qat yüksək olmasını Bakı sakinləri hələ də unutmayıb. Beləliklə, o, sərnişin axınının həcmini artırmağı düşünürdü.

BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayevin 2020-ci ildə yerli telekanallardan birinin efirində səsləndirdiyi məşhur ifadə hər kəsin yadındadır. O, taksilərin aşağı qiymətlərinin qəbuledilməz olduğunu və bu cür xidmətlərdən imkanlı şəxslərin istifadə etməli olduğunu bəyan etmişdi.

Həmin vaxt Vüsal Kərimli qalmaqalı söndürə bildi - Hikmət Babayevi işdən çıxardı. Amma hamıya aydın idi ki, Hikmət Babayev sadəcə olaraq Vüsal Kərimlinin fikrini açıq şəkildə səsləndirdiyi üçün “qurbanlıq qoyun” oldu.

Sonralar Vüsal Kərimli ictimai qınaqdan ehtiyatlanaraq müvəqqəti olaraq geri çəkilməli oldu. Bəlli oldu ki, Vüsal Kərimli üç ildir ki, Bakıda avtobus sistemini təkmilləşdirmək barədə fikirləşmək əvəzinə, taksi sahəsini yenidən ələ keçirməyə cəhd edə biləcəyi anı gözləyirmiş. Bu dəfə o, bunu Hikmət Babayevin əli ilə edib, sonra isə onu qurban verdi.

Xüsusilə qeyd etmək lazımdır ki, taksi fəaliyyəti şəffaf qanunlar çərçivəsində bərqərar olan bazar iqtisadiyyatının nadir sahələrdəndir. Məhz sağlam rəqabət mühiti sayəsində taksi xidmətlərinin qiyməti xeyli aşağı salınıb. Amma məlum olduğu kimi, bu, bir neçə ildir ki, Bakı sakinlərini 2000-ci illərin əvvəllərinə qaytarmağa çalışan Vüsal Kərimlinin ürəyincə deyil.

Bir sözlə, əgər insan səhv yerdədirsə, o zaman təbii ki, real problemləri həll etmək, cavabdeh olduğu sahədə vəziyyəti yaxşılaşdırmaq əvəzinə, yalnız hər şeyi öz əlinə almağı düşünəcək, öz qanunlarını quraraq təşkil etdiyi xaosu idarə edəcək – necə ki, indi Bakının ictimai nəqliyyat sistemi məhz belədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar