Bakının Yasamal rayonunda yerləşən şəhid Kamal Rəhimov küçəsində yerləşən 30-cu binada yaşayan sakinlər 11 aydır iki, istiliksiz qalıb. Məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Bina sakini Ağa İsmayıl Əsədov şikayətində bildirib ki, keçən il Abbas Mirzə Şərifzadə küçəsi yaxınlığında su borusu partlayıb.
Onun sözlərinə görə, nəticə etibarilə bina sakinləri keçən ilin yanvar ayından etibarən istiliksiz qalıblar:
“Bununla bağlı sahə rəisinə müraciət etdik. Həmin nasazlıq bərpa olundu. Bir gündən sonra boru yenidən partladı. Yenidən gəlib düzəltdikdə bizə 1 saatdan sonra istiliyin veriləcəyi deyilmişdi. İdarənin mühasibatlığı ilə əlaqə saxlayanda isə o, istiliyin verilməyəcəyini qeyd etdi. Binanın istilik sistemindən kənarda qaldığını və nasazlığın bərpa edilməsinin mümkün olmadığını, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edəcəklərini bildirdi. Sakinlər olaraq AAYDA ilə əlaqə saxladıqda isə bu məsələ ilə bağlı heç bir müraciət olunmadığını dedilər. Burada 108 ailə yaşayır. Ətrafdakı binalara istilik xətti çəkilib. Lakin 11 aydır aşadığımız binaya istilik verilmir”.
Məsələ ilə bağlı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi Kamran Nəsirovla əlaqə saxladıq.
Kamran Nəsirov Lent.az-a açıqlamasında bununla bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etməli olduğumuzu bildirdi:
“Bu gün hansı binada istilik sistemi işləyirsə, həmin binanı istiliklə təmin etmək bizim tabeçiliyimizdədir. Yasamal rayonu, şəhid Kamal Rəhimov küçəsində yerləşən 30-cu binada baş verən problem “Azəristiliktəchizat” ASC-yə aiddir”.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məsələ ilə bağlı bildirib ki, bu bina ilə bağlı iki ciddi problem var.
Onun sözlərinə görə, sözügedən binanın yerləşdiyi küçədən müxtəlif kommunikasiya xətləri keçir:
“Bu baxımdan orada işlər əl ilə aparılmalıdır. Belə olduqda küçə 4-5 gün ərzində bağlı qalmalıdır. Bu çox ciddi problemdir. Digər problem isə həmin bina istiliyi magistral xətdən alır. Yəni, həmin binanın istiliklə təmin olunması digər binalara verilən istilik xidmətinin keyfiyyətinə mənfi təsir göstərir. “Azəristiliktəchizat” ASC tərəfindən problemlə bağlı müvafiq addımlar atılır. Aidiyyatı qurumlara müraciət olunub. Veriləcək cavaba uyğun gələcək hər hansı bir addım atıla bilər”.