“AzerGold”un təşkilatçılığı ilə Daşkəsəndə növbəti tibbi müayinə aksiyasına başlanılıb
21 iyul 2023 11:01 (UTC +04:00)

“AzerGold”un təşkilatçılığı ilə Daşkəsəndə növbəti tibbi müayinə aksiyasına başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda, “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilib.

Lent.az xəbər verir ki, aksiyanın ilk günündə rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıları müayinə prosesinə cəlb edilib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada yerli əhali 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanacaqlar. 22 iyul tarixinədək davam edəcək aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən təqribən 500 nəfər sakinin ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilməsi nəzərdə tutulur.

Aksiyanın ilk günündə səyyar müayinə düşərgəsini “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini Xəyyam Fərzəliyev və digər rəsmi qonaqlar ziyarət edərək, müayinə prosesini izləyiblər.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1500 nəfərə yaxın Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Cəmiyyətin fəaliyyət göstərdiyi regionlardakı mədənlərin yaxınlığında yerləşən şəhər, kənd və qəsəbələrdə yaşayan, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin qayğı ilə əhatələnməsinə xidmət edən bu tip layihələr bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar