Lider mobil operator Beynəlxalq İnformatika Olimipiadasının medalçıları, layihə rəhbəri, müəllimləri ilə görüş keçirib.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralda qeyd edilən Azərbaycan Gənclər günü münasibətlə “Azercell Telekom” MMC ölkəmizin Beynəlxalq İnformatika Olimipiadası (IOI) üzrə milli yığmasının gənc qaliblərini mükafatlandırıb.
Lent.az xəbər verir ki, "Azercell"in Baş Ofisində təşkil olunan görüşdə milli komandanın medalçıları, layihə rəhbəri, müəllimləri və lider mobil operatorun rəhbər heyəti iştirak edib. Tədbirdə Olimpiada qalibləri Xizri Saxrayev, Fidan Hüseynova, Fuad Qarayev, Fidan Qarayeva "Azercell"dən dəyərli hədiyyələr və sertifikatla təltif olunublar. Təltifetmə mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin direktoru Nigar Şıxlinskaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Təhsil İnstitutunun əməkdaşları məktəbliləri təbrik edib, onlara təhsildə uğurlar və gələcək turnirlərdə Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı arzulayıblar.
Artıq 6 ildir ki, “Azercell Telekom” MMC Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq İnformatika Olimipiadası başda olmaqla informatika üzrə müxtəlif miqyaslı beynəlxalq olimipiadalara hazırlıq prosesinə dəstək verir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası, Asian Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautikov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 2 qızıl, 12 gümüş və 34 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər.
Onu da qeyd edək ki, məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə artıq ikinci ildir ki, ölkənin aparıcı mobil operatoru proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi təşkil edir. Milli yığma üçün istedad mənbəyinə çevrilən yarışda bu günə kimi 1000-ə yaxın şagird iştirak edib. Müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar.