Vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən biri də soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır.
Lent.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Moderator.az-ın suallarını cavablandırıb:
– Reyhanə xanım, ictimaiyyət üçün daim maraq kəsb edən məsələlərdən biri vətəndaşların soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır. Bununla bağlı hüquqi prosedur nədən ibarətdir.
– Çox sağ olun. Qeyd etdiyiniz kimi, insanlar arasında soyad sonluğunun dəyişdirilməsi son zamanlar daha populyarlaşmış, bununla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə müraciət edənlərin sayı da gündən günə artmaqdadır.
Vətəndaşların soyad sonluqları “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il 495 nömrəli Qərarına uyğun olaraq dəyişdirilir. Bu hüququn, o cümlədən soyadın, adın və ata adının dəyişdirilməsinin həyata keçirilməsi prosedurunun sadələşdirilməsi məqsədilə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabineti tərəfindən 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarla “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” qəbul edilmişdir və onun icrası nazirliyin daim diqqət mərkəzindədir.
Bildirməliyəm ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Əgər uşaq 10 yaşına çatmışdırsa onun soyadının sonluğu yalnız özünün razılığı ilə dəyişdirilir. Soyad sonluğunun dəyişdirilməsi ilə əlaqədar vətəndaşlara yeni şəhadətnamələr verilir.
– Vətəndaşlar əsasən soyad sonluqlarının milliləşdirilməsinə üstünlük verirlər. Bu sahədə statistik göstərici necədir?
– Elədir. Bildirməliyəm ki, soyad sonluqlarının dəyişdirilməsi Ədliyyə Nazirliyinin bütün, o cümlədən “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrində həyata keçirilir və vətəndaşlar “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə ödənişsiz əvəz edə bilərlər.
Statistikaya nəzər yetirsək görərik ki, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı ötən müddət ərzində ümumilikdə 1.2 milyona yaxın vətəndaş soyadının sonluğunu dəyişdirib. Cari ildə isə bu rəqəm 45 mindən çox olub.
– Vətəndaşların bu imkanlardan yararlanması üçün Ədliyyə Nazirliyi tərəfindən nə kimi maarifləndirici tədbirlər görülür?
– Bununla bağlı vətəndaşların geniş maarifləndirilməsi daim diqqətdə saxlanılır, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri, zəruri olan sənədlər barədə əhali mütəmadi məlumatlandırılır, bu məqsədlə nazirliyin rəsmi justice.gov.az internet saytında və sosial media platformalarında məlumatlar yerləşdirilir, kütləvi informasiya vasitələrində çıxışlar edilir, eləcə də təhsil müəssisələrində mühazirələr oxunur.
Bundan əlavə, nazirliyin qeydiyyat şöbələrində müraciət edən vətəndaşların görə biləcəyi yerdə soyad sonluğunun dəyişdirilməsini təbliğ edən lövhələr və tərtib edilmiş bukletlər yerləşdirilib, habelə valideynlərə övladının doğumunun qeydə alınmasının zəruriliyi barədə göndərilən bildirişdə soyad sonluğunun dəyişdirilməsi imkanına dair müddəalar əks olunub.
Həmçinin, bu sahədə xidmətlərə əlçatanlığın asanlaşdırılması məqsədilə vətəndaşların qeydiyyat şöbəsinə getmədən müraciət etmələri və sənədlərinin qəbul edilməsi ilə bağlı yeni elektron xidmət yaradılıb və hazırda sınaqdan keçirilir. Nazirlik tərəfindən bu sahədə digər tədbirlər də davam etdirilməkdədir.