Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı zərərçəkənlərə kömək məqsədilə daha bir təşkilat yardım üçün müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, "Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı” sədri Mirhəsən Həsənov bildirib ki, qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə bu gün Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə humanitar yardım göndərilir:
"Bu kampaniyaya Azərbaycanda vəzifəli şəxslərdən tutmuş, sıravi vətəndaşları da qoşulub. Artıq Azərbaycanda başladılan yardım kampaniyasında izdiham yaşanır. Bu gün sədri olduğum təşkilatın 6000 mindən çox üzvü var. Onların hər biri Türkiyədə baş verən dəhşətli təbii fəlakətə üzülür, qardaş Türkiyə xalqının yanında olduğunu ifadə edir.
Biz də "Azərbaycan Çernobıl Əlilləri İttifaqı” olaraq hadisədən zərərçəkən qardaş və bacılarımızın yanındayıq, onlara lazımi dəstəyimizi əsirgəməyəcəyik. Hər birimiz faciənin nəticələri aradan qaldırılana kimi öz dəstəyimizi göstərəcəyik”.
Sonda ittifaq sədri təşkilatın bütün üzvlərini bu işdə daha fəal olmağa çağırıb.