Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Bu barədə Lent.az-a idarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. Onun sözlərinə görə, lakin təəssüf ki, edilən xəbardarlıqlara baxmayaraq yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar:
"Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bu gün paytaxt ərazisində keçirilən tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz və eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər".