Aprelin 25-də Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-təcrübi konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Bundan sonra Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı, eləcə də onun mənalı ömrünün müxtəlif məqamlarından bəhs edən video-çarx nümayiş olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ənənəvi olaraq hər il keçirilən ATUREK-in 11-ci konfransının xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bir daha vurğulayıb: “Ulu öndər bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirib və onun təşəbbüsü ilə bir çox tibb müəssisələri istifadəyə verilib. Məhz həmin dövrdə milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Səhiyyənin inkişafı üçün tibb təhsilinin keyfiyyətli olmasını nəzərə alan Ümummilli lider bu məsələyə böyük diqqət yetirib və məhz onun diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin hərtərəfli inkişaf etdirilməsi, onların rifahının yüksəldilməsi üçün bir sıra təşkilatlar formalaşdırılıb. Bu siyasət tibb təhsilində də yeni imkanların yaradılması və bu sahədə köklü islahatların aparılması ilə özünü göstərir”.
Rektor qeyd edib ki, bu islahatlardan biri də illər öncə tibb təhsilində rezidentura pilləsinin təsis edilməsi oldu: “Azərbaycanda yüksəkixtisaslı tibbi kadr hazırlığında müstəsna əhəmiyyət daşıyan rezidentura təhsilinə 2011-ci ildən başlanılıb. 2013-cü ildən isə Azərbaycan Tibb Universiteti rezidentura üzrə ilk məzunların həkimlik fəaliyyətinə vəsiqə verib. Rezidentura təhsil pilləsinin yaradılması tələbələrin müstəqil praktikaya daha yetkin tibb mütəxəssisləri kimi başlaması və seçdikləri ixtisası daha dərindən, elmi-tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə və eləcə də müasir səhiyyə modelinə uyğun formalaşması deməkdir”.
Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd edərək vurğulayıb ki, belə elmi-təcrübi konfranslar onların elmi potensialının üzə çıxmasına şərait yaradır və elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir: “Bu konfrans rezidentlərimizin marağını çəkməkdə bundan sonra da davam edəcək və aparılan elmi işlərin, təqdimatların, faydalı müzakirələrin şahidi olacağıq. Azərbaycan Tibb Universiteti təkcə ölkəmizin səhiyyəsi üçün ali təhsilli kadrlar hazırlamır, həm də dünya səviyyəli, təbabət elminin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı tibb mütəxəssisləri yetişdirir”.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxışında dahi şəxsiyyət və uzaqgörən siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs edib. O, səhiyyə sahəsinə, eləcə də tibbi kadrlara göstərilən diqqət və qayğı, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, davamlı aparılan sosial islahatlar, ölkəmizin hər yerində gedən genişmiqyaslı quruculuq işlərindən danışıb. N.Qasımov, həmçinin rəhbərlik etdiyi müəssisədəki yeniliklərdən, ATU ilə əməkdaşlıqdan və rezidentura pilləsinin uğurlu tətbiqindən söhbət açıb. Natiq onlarla rezidentin xarici ölkələrin nüfuzlu tibb müəssisələrində rotasiya keçdiyini, müxtəlif konfrans və seminarlarda fəal iştirak etdiyini qeyd edib. Rektor bu konfransda ADHTİ-nin də bir neçə rezidentinin müxtəlif mövzularda məruzə ilə çıxış edəcəyini söyləyib.
ATU-nun Hərbi tibb fakültəsinin tədris şöbəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsini yada salaraq, həmin dövrdə fakültənin üzərinə böyük yük düşdüyünü, məzunlarımızın müharibə vaxtı öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıb: “Qürurluyuq ki, bu qəhrəmanlar ordusunun böyük bir qismini ATU-nun məzunları, rezidentləri təşkil edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun şanlı zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Tibb Universiteti üçün daha bir sınaq oldu. Əməkdaşlarımız Vətən müharibəsində və eləcə də ondan sonra yüzlərlə qəhrəman döyüşçümüzü həyata qaytardı və bu gün onların normal yaşamasını təmin etdi. Həkim və rezidentlərimiz göstərdikləri igidliyə görə bir sıra orden və medallara layiq görülüb, qazilərimiz isə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub”.
Konfransda Anesteziologiya-reanimatologiya ixtisası üzrə təhsil alan Antiqua və Barbudadan olan əcnəbi rezident Drickesha Aska ATU-da onların təhsil alması üçün hər cür şərait yaradıldığını və ölkəmizin insanlarının qonaqpərvərliyini Azərbaycan dilində ifadə edib.
ATU-nun Rezidentura və magistratura şöbəsini müdiri, professor Məlahət Sultanova da Azərbaycan gəncliyinə, o cümlədən rezidentlərə güvəndiyini və onlara böyük ümidlər bəslədiyini bildirib: “Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün təşkil olunmuş konfransda təkcə Tibb Universitetinin deyil, ölkəmizin bütün bazalarının rezidentləri iştirak edir. Onlar elmi məqalələri, maraqlı məruzələri ilə bugünkü konfransda təmsil olunurlar. Qürurla deməliyəm ki, 370-dən çox rezident qeydiyyatdan keçib və 90 elmi məqalə dərc olunub. Onlar konfransda 4 panel ixtisası - cərrahiyyə, terapiya, ginekologiya və magistratura üzrə tibbin müxtəlif sahələrini əhatə edən biliklərini paylaşacaq, müzakirələr aparacaqlar”.
Rəsmi hissədən sonra konfrans panel iclaslarla öz işini davam etdirib. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış ediblər. Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qalib rezidentlərə mükafatlar təqdim olunub.