"Arıqlama iynə"ləri xərçəng  yaradırmış - Reklamların "qorxulu üzü"
23 fevral 2026 17:10 (UTC +04:00)

"Arıqlama iynə"ləri xərçəng yaradırmış - Reklamların "qorxulu üzü"

0

İdeal bədən quruluşlu, az çəkili, model kimi bədən quruluşuna sahib olmaq bir çox qadının arzusudur. Bu bədənə fitneslə, düzgün qidalanma ilə yaxud da sağlam həyat tərziylə sahib olmaq yerinə, işi daha asan və əziyyətsiz etmək üçün reklam olunan “arıqlama iynə”lərinə müraciət edənlər daha çoxdur. Asan görünən işin isə sonradan daha böyük və sağalmaz yaraları ortaya çıxır. İddialara görə bu “arıqlama iynə”ləri zamanla xərçəng xəstəliyi də yaradır.

Bəs görəsən, həqiqətən də belədir?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Lent.az-a açıqlamasında bildirib ki, hansısa reklama inanaraq, özbaşına, həkim nəzarəti olmadan arıqlama iynəsi vurdurmaq ciddi fəsadlar yarada bilər:

“Xərçəng xəstəliyi son illərdə həm Azərbaycanda, həm də bütövlükdə dünyada çox sürətlə yayılıb və cavanlaşır. Aparılan araşdırmalara görə onkoloji xəstəliklərin yaranmasının 50-60% qidalanma ilə bağlıdır.

Xərçəng xəstəliyinin rast gəlinmə tezliyi kilolu insanlarda daha çoxdur. Bu, maddələr mübadiləsinin pozulması ilə əlaqədardır. Kilolu insanlarda mədə-bağırsaq, eləcə də süd vəzi xərçənginə daha çox rast gəlinir. Çəkisi norma daxilində olan insanların isə xərçəngə yoluxma riskləri daha azdır.

Arıqlamaq üçün xüsusən qadınlar bir sıra dərman pereparatlarından istifadə edirlər. Lakin bilmək lazımdır ki, hansısa reklamda göstərilən iynəni yaxud dərmanı özbaşına qəbul etmək fəsadlar yarada bilər. Məhz arıqlamaq, daha sağlam çəkiyə qovuşmaq üçün dərman və ya iynə qəbul ediləcəksə, bunu mütləq həkimin məsələhəti və nəzarəti altında etmək lazımdır, əks halda çəki atmaq yerinə, daha ciddi xəstəliklərlə mübarizə apara bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 676

Oxşar yazılar