Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov vəzifəsindən azad edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.
Bildirilib ki, Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb.
Həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təsdiqlənib.
Eyni zamanda, AMEA Rəyasət Heyəti aparatının bir sıra şöbələrinin adlarına əhatə etdikləri funksiyalara müvafiq olaraq yenidən baxılıb.
Qeyd edək ki, iclasda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Vurğulanıb ki, hazırda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi istiqamətlərindən birini etnoqrafik tədqiqatlar təşkil edir, lakin etnoqrafiya elm sahəsi kimi əsasən etnosların adət və ənənələrini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənir. Qeyd olunub ki, institutda etnoqrafik tədqiqatlar Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri tərəfindən həyata keçirilir və təhlillər göstərir ki, müəssisədə aparılan etnoqrafik tədqiqatlar daha çox tarixi istiqaməti əhatə edir. Buna görə də etnoqrafik tədqiqatların Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun fəaliyyət istiqamətləri ilə daha da sıx əlaqələndirilməsinə böyük ehtiyac yaranıb.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri öz ştat vahidləri ilə birlikdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna keçiriliblər.
Akademik İsa Həbibbəyli bildirib ki, bu qərar müasir dövrün çağırışları işığında etnoqrafiya elmini daha da inkişaf etdirəcək, onu etnologiya elmi səviyyəsinə qaldıracaq və yeni mərhələdə aparılan tədqiqatların gələcəkdə Tarix İnstitutunda nəşri planlaşdırılan “Etnologiya” jurnalında çap olunması təmin ediləcəkdir.