AMEA-da gənclər siyasətinin ətalət dövrü: tərəqqini tənəzzülə sürükləyən iki il
08 fevral 2022 14:55 (UTC +04:00)

AMEA-da gənclər siyasətinin ətalət dövrü: tərəqqini tənəzzülə sürükləyən iki il

Ölkədə elm və təhsil ilə əlaqəli hər bir sağlam düşüncəli insan bilir ki, şanlı elm tariximizin siması, onun gələcəyinin şəriksiz təminatçısı şübhəsiz ki, Elmlər Akademiyasıdır. Son illər sosial şəbəkələrdə AMEA ilə bağlı səsləndirilən cılız fikirlərin sırasında diqqəti ən çox cəlb edəni, məhz alimlərimizin illər boyu fəaliyyətsizliyi, büdcəmiz üçün böyük yük fromalaşdıran AMEA-nın yararsız bir qurum olması və formal xarakter daşımasıdır. Əslində, cəmiyyətdə belə fikirləri məqsədli səsləndirən "dahilərə" deyiləcək çox sözümüz və göstərməyə bitməyən arqumentlərimiz var.

Lakin düşünürəm ki, təkcə müstəqillik tarixmizdən bəri, Azərbaycanın neft və qaz ölkəsi kimi böyük nüfuz qazanmasını, dünyanın ən aparıcı neft şirkətlərinin respublikaya cəlb olunmasını, kəşf olunan və uzun illər səmərəli istismar edilən zəngin karbohidrogen yataqları hesabına qüdrətli ölkə imicinə sahib olmağımızı xatırlamağa dəyər ki, bütün bu uğurların arxasında Elmlər Akademiyasının alimlərinin şəriksiz töhfəsi durur. Bundan başqa, 2021-ci il ilə bağlı 32 minə yaxın dünya universitetlərinin reytinq cədvəli və ümumi hesabatı üzrə dərc edilmiş nəşrdə Azərbaycanın ən yaxşı universitetlərinin adlarının ilk 100, 1000, 2000 və hətta 3000-də rast gəlinməməsinin (https://www.webometrics.info/en/search/Rankings/azerbaijan) səbəbkarı da AMEA deyildir.

Lakin AMEA-da çalışan alimlərin universitetlərdəki həmkarları ilə dəstəkyönlü əməkdaşlığı və fərdi fəaliyyəti sayəsində, məhz Azərbaycanın dünya üzrə elmimetrik göstəriciləri formalaşdırılmışdır ki, son illər əldə edilən pozitiv nəticələr (https://www.scimagojr.com/countryrank.php?region=Eastern%20Europe&year=2020) diqqəti cəlb edir. 

AMEA-da elmi klassifikasiyalı kadrların hazırlanmasının, mövcud intellektual potensialdan düzgün istifadənin, nəinki Azərbaycana, hətta dünya elminə töhfə baxımından bərqərar olunan fəaliyyətin uğur formulunu şübhəsiz ki, son illərədək həyata keçirilən məqsədyönlü strategiya, xüsusən gənclər siyasəti təşkil etmişdir ki, 2014-2020-ci illər diapazonunda Azərbaycanın elmi reytinqinin dünya ölkələri sırasında xeyli yüksəlməsinə rəvac vermişdir. Gənclər siyasətindən söz düşmüşkən, 27 dekabr 2013-cü il tarixində tanınmış dövlət rəsmilərinin, həmçinin elm və təhsil sahəsində yüksək nüfuza malik şəxslərin iştirakı ilə AMEA-nın əsas binasında üç min gənc intellektualı birləşdirən AMEA Gənc Alim  və Mütəxəssislər Şurasının təsis olunması kimi mötəbər bir tarixi hadisəni xatırlamamaq olmur. Həmin dövrdən başlayaraq, bütövlükdə Azərbaycanın elmi tədqiqat və təhsil müəssisələrinin ictimai təşkilatlarının elm, təhsil və digər müvafiq sferalarda fəaliyyətlərinin məqsəduyğun təşkilində və idarəolunmasında böyük irəliləyişlərə nail olunmuşdur.

Azərbaycan elminin təhsilə və xüsusən dünya elminə inteqrasiyası sahəsində bir sıra təşəbbüslər həyata keçirilmiş, ilk dəfə olaraq paytaxtın və regionların orta məktəblərində “Kiçik akademiya”lar, AMEA-nın elm güşələri, saysız elmi müsabiqələr, elmi seminarlar, dəyirmi masalar və s. təşkil olunmuşdur. Bundan başqa, 2014-cü ildən bəri Azərbaycanda dünya və avropa gənc alimləri üçün təşkil olunan ən mötəbər səviyyəli beynəlxalq elmi konfranslar, forumlar və digər elmi platformalar ərsəyə gətirilmişdir. 

Həmin dövrdə AMEA-nın 42 elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən gənclər təşkilatlarının  mərkəzləşdirilmiş birlik kimi AMEA Gənc Alim  və Mütəxəssislər Şurası altında birləşdirilməsi, həmçinin onların faəliyyətinin monitorinqi, yarımillik və illik hesabatlarının təşkili məsələsinin birbaşa AMEA rəhbərliyi, o cümlədən AMEA Rəyasət Heyəti səviyyəsində öz həllini tapırdı. Təbii ki, bu da böyük məsuliyyətlə yanaşı həm də səmərəli fəaliyyət üçün lazımi stimulları formalaşdırırdı. Şəxsən mən, Şura sədri kimi AMEA-nın o vaxtkı prezidenti ilə hər həftə görüşür, ona Şuranın həftəlik fəaliyyəti haqqında məlumat verir, lazımi məsələlərin həlli ilə bağlı müzakirələr aparırdım. 

Lakin AMEA-da ənənəvi davam etdirilən bu tendensiya 2019-cu ildə yeni rəhbərliyin gəlişindən sonra tarixin yaddaşına qovuşdu. 2021-ci ilədək davam edən fəaliyyətim dövründə, çoxsaylı təşəbbüslərimə və tələblərimə baxmayaraq üç min gənci təmsil edən AMEA-nın gənclər təşkilatlarının rəhbəri kimi gələcək aqibətimiz haqqında müzakirələr aparmaq məqsədilə bir dəfə də olsun, AMEA-nın yeni prezidenti ilə görüşə nail ola bilmədim. Hətta  hiss edirdim ki, institutlarda ən fəal elmi-ictimai birliyə çevrilmiş yerli Şuraların faəliyyətsizliyi, həmçinin respublikada böyük nüfuz qazanmış və peşəkar səviyyədə təşkilatlanmış AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının süqutu yeni gənclər siyasətinin əsas prioritetidir. Gənclər siyasətinə belə münasibəti gələcək elmi potensialın genosidi, ümumilikdə bu həssas dönəmlərdə Azərbaycan elminə xəyanət kimi qiymətləndirərək, bu barədə AMEA-nın Rəyasət Heyətinin üzvlərinə iradlarımı bildirmiş, 2019-cu ildən prezident kimi fəaliyyət göstərən və ötən iki il ərzində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasın sədri kimi mənimlə görüşməkdən, gənclər barəsində müzakirələr aparmaqdan imtina edən Ramiz müəllimlə bəzi məsələlərin müzakirəsinin vacibliyini vurğulasam da təşəbbüslərim faydasız olmuşdur. Gəncliyə, Azərbaycan elminin intellektual potensialına qarşı belə qeyri-adekvat və səriştəsiz münasibət çoxsaylı perspektivli əməkdaşların ümidsizliyi sürüklənməsinə, həmçinin AMEA-dan getməsinə və təhsil sahələrində tədrislə məşğul olmalarına rəvac vermişdir. 
Bundan əlavə, 2016-cı ildə AMEA-nın öncəki prezidentinin rəhbərliyi dövründə “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında imzalanan  sazişdən irəli gələrək AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının alim və mütəxəssislərin “Web of Science” bazasından pulsuz istifadə imkanları yaranmışdısa, məhz Ramiz müəllimin prezdentlik dövründə həmin imkanlar birdəfəlik məhdulaşdırıldı. Bu gün Azərbaycan alimi Ramiz müəllimin ambisiyasının qurbanına çevrilib. Digər tərəfdən, 2019-cu ilədək AMEA əməkdaşlarından əldə etdikləri elmi nəticələri dünya elm ictimaiyyətinin birmənalı qəbul etdiyi elmi bazalarda, o cümlədən “Web of Science”  və “Scopus”da indeksləşən jurnallarında nəşri ilə bağlı o dövrki rəhbərliyin ciddi tələbi bu gün yeni prezident tərəfindən lazımsız hesab olunur. Bu da olduqca az məvacib alan, maddi stimulları yetərsiz hesab olunan əməkdaşların, xüsusən gənclərin elmə məsuliyyətsiz yanaşması üçün yeni arqumentlər formalaşdırır.  Sanki belə bir mənzərə yaranıb ki, hörmətli akademikimizin müasir elmi tələblər və çağırışlar haqqında fikirləri olduqca dayazdır.

AMEA-da ətalətlik dövrünü şərtləndirən digər əsas problem kadr siyasəti ilə əlaqədardır. 2019-cu ildən bəri demək olar ki, Ramiz müəllim akademiyada vəzifə labirinti yaratmışdır. Qısa dövr ərzində eyni bir vəzifəyə fərqli kadrların təyin olunması, eyni məsələ ilə bağlı verilən sərəncamlar, həmçinin mediada bu haqda gedən xəbərlər Akademiyanın imici və onun ənənələri ilə heç cür uzlaşmır. Gənclərin, səriştəli kadrların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı təzyiqlər, elmə aidiyyətsiz, Akademiya mühiti haqqında heç bir təsəvvürləri olmayan kadrların birdən yüksək vəzifələrə təyin olunması AMEA-nın hazırkı tənəzzülünün əsas amillərindəndir.  
  
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının ilk sədri, uzun müddət AMEA-nın dəyərlərinin qorunması, elmimizin inkişafı naminə birgə nümunəvi və məhsuldar fəaliyyət  göstərdiyimiz hörmətli Rəyasət Heyətinin üzvlərinə hazırkı vəziyyətlə bağlı yaranan problemlərə biganə yanaşmamağa o cümlədən AMEA prezidenti Ramiz Mehdiyevin istefaya getməsinii təmin etməyinizi xahiş edirəm.     

Dosent  Famin Salmanov, 
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının keçmiş sədri, 
fizika üzrə fəlsəfə doktoru  
                         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar