Ali təhsil olmasa necə pul qazanmaq olar? - Bakıda SORĞU
17 dekabr 2022 14:58 (UTC +04:00)

Ali təhsil olmasa necə pul qazanmaq olar? - Bakıda SORĞU

"Ali təhsil önəmlidir, ancaq hər şey demək deyil”- Sorğu 

Müasir dövrdə yaxşı həyat yaşamaq üçün pul lazımdır, pulu qazanmaq üçün isə yaxşı iş yeri lazımdır. Hər hansısa bir yerə müraciət edərkən mütləq ali təhsil müəssisəsindən diplomun, bundan əvvəl təcrübənin olub olmadığını soruşurlar. Bəs görəsən diplomu olmayan insanlar gəlir əldə etmək üçün necə biznes qura bilər?

Lent.az mövzuyla bağlı Azərbaycan Dillər Universitetinin tələbələri arasında sorğu keçirib. Sorğunu təqdim edirik. Görək gənclər nə düşünür.

Tələbə Abbasova Leyla bildirib ki, hazırda ailəsinin maddi və mənəvi dəstəyi ilə sevdiyi və istədiyi ixtisas üzrə ali təhsil alır: "Düşünürəm ki, ali təhsil önəmlidir, ancaq hər şey demək deyil. Məsələn ali təhsilim olmasa idi, kosmetelogiya kurslarına gedib özümü bu sahədə təkmilləşdirərdim. Bildiyimiz kimi, kosmetoloqlara müraciət edənlərin sayı az deyil. Biraz gəlir qazandıqdan sonra öz obyektimi açardım. Sonra obyektlərimin sayını artırardım. Və beləcə gəlir qazanardım".

Ələsgərova Fatimə incəsənətlə, dizaynla maraqlanır. Hətta özünün hazırladığı bir neçə əl işi də var. Onun fikrincə, kiçik başlanğıc olaraq muncuqlardan bəzək əşyaları hazırlayıb sosial şəbəkələrdə paylaşaraq satmaq ən yaxşı biznesdir: "Sosial şəbəkələrdə tanıtım çox önəmlidir. Hazırladığım məhsulların satışından çox gəlir əldə etsəm hətta onları satmaq üçün butik də açaram".

Qurbanlı Orxan bildirib ki, uşaqlıqdan komputerə çox marağı var: "Ali təhsilim olmasa idi, ingilis dilimi inkişaf etdirib proqramistliyi öyrənərdim. Yaxud digər halda köməkçi kimi işə düzəlib texnoloji sahədə irəliləyərdim. Sonda öz mağazamı açıb hər növ elektronika satdığım biznesə çevirərdim".

Əhmədazdə Mələk hesab edir ki, hər hansısa bir peşə üzrə inkişaf edərək, gəlir qazanmaq mümkündür: "Düşünürəm ki, rəssamlıq kurslarına yazılardım. Rəsmə, əsərlərə çox böyük marağım var. Yaxud da tibbi kurslara müraciət edərdim. Ali təhsilim olmasa da, təhsildən kənarda qalmazdım, yenə də təhsillə maraqlanardım".

Siraclı Nurlan qeyd edir ki, jurnalistika ixtisası üzrə təhsil alsa da, musiqi sahəsi onun diqqətini çox cəlb edir: "Uşaqlıqdan musiqiyə çox böyük həvəsim var. Ancaq günümüzün şərtlərinə görə jurnalistikanı daha əsas tuturam. Əgər bu ixtisasa qəbul olmasaydım yaxud qəbul olub bitirəndən sonra iş tapa bilməsəm, böyük ehtimal musiqi sahəsinə yönələcəm. Düşünürəm ki, musiqidə doğru effekt və tonları tapdıqdan sonra ortaya çox gözəl işlər çıxır və bu zaman gəlir qazanmaq əlçatan olar".

Əhədova Elay qeyd edir ki, hələ kiçik yaşlarında olarkən ən böyük hədəfi universitetə qəbul olmaq idi: "Düzü qəbul olsam da, istəmədiyim ixtisas oldu. Ancaq indi nə etmək olar, öyrəşməyə çalışıram. Diplomum olmasa, vizajist ya da rəssam olaraq, yoluma davam edərəm. Bu sahə üzrə kifayət qədər gəlir əldə edən yüzlərlə insan tanıyıram. Həm də ki, rəsm, rənglər, hər hanısa bir təsəvvür yaratmaq mənə olduqca xoş hisslər bağışlayır. Sanki bu zaman ruhum sakitləşir".

Fatimə Elşənqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Oxşar yazılar