Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı ögey anası tərəfindən zorakı hərəkətləri edilib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Elşad Poladov küçəsində qeydə alınıb. Həmin küçədə kirayə yaşayan Samir Zərbəliyevin ikinci həyat yoldaşı Mehralıyeva Səadət Həmid qızı müxtəlif vaxtlarda ögey övladlarına mütəmadi olaraq döyməklə və digər zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirib.
Təxminən bir saata qədər həmin ünvanda gözləsək də evə gələn olmadı. Baş verənləri öyrənmək üçün qonşulara müraciət etdik.
Məsələ ilə bağlı Ağstafa Rayonun İcra Hakimiyyətinə üz tutduq. İcra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Zakir Nəsibov baş verənlərdən xəbərdar olduğunu bildirdi. Zakir Nəsibov APA TV şifahi olaraq bildirdi ki, biz onların evində olmuşuq, uşaqların vəziyyəti ilə daimi maraqlanırıq. Hadisə baş verəndən sonra ögey anası tərəfindən işgəncələrə məruz qalan 2013-cü il təvəllüdlü Zərbəliyeva Nüranə Samir qızını və 2014-cü il təvəllüdlü Zərbəliyev Tofiq Samir oğlunu Gəncə şəhərində yaşayan ana nənəsi Həsənova Zəminə aparıb.
Zəminə Həsənova deyir ki, mən vaxtına olanlardan xəbər tutmasam bəlkə də nəvələrimin başına nəsə iş gələrdi.
Daimi zorakılığa məruz qalan uşaqlar deyir ki, daimi ögey anaları və ataları tərəfindən döyülüblər. Onların dediyinə görə, hətta anaları onları ac saxlayırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.