Ağ-qara tarixə rəng qatanlar - REPORTAJ
28 may 2021 16:41 (UTC +04:00)

Ağ-qara tarixə rəng qatanlar - REPORTAJ

Foto tarixin əks olunduğu dəyərli vasitələrdən biridir. Zaman keçdikcə şəkillərin rəngi solur, müəyyən cızıqlar əmələ gəlir. Təbii ki, zövqlər müxtəlif olduğundan, kimisi köhnə ağ-qara fotolarını olduğu kimi saxlamağa üstünlük verir, kimisi də tarixin yaddaşına yeni rəng qatmaqla şəkillərini restavrasiya edir.

Son zamanlar isə elm və texnologiyanın köməyi ilə rəngsiz, bərpaya ehtiyac duyan şəkillər peşəkarların toxunuşu ilə sanki yenidən canlana, müasir dizaynla əvvəlkindən də təbii yarana bilir. Uzun zamandır bir neçə əsrin fotolarına yeni nəfəs verən dizayner Tural Hüseyn deyir ki, əvvəllər boş vaxtlarında bu işlə, sadəcə, hobbi kimi məşğul olsa da, son zamanlar peşəkar iş ortaya qoymaqla işini biznesə çevirə bilib. Sosial şəbəkə istifadəçiləri onu Mikayıl Müşfiqin, Məhəmməd Əmin Rəsulzadənin, Səttar Bəhlulzadənin ağ qara fotolarını rəngləyən müəllif kimi tanıyır. Son olaraq tamamladığı yeni foto isə Cəlil Məmmədquluzadənin son fotosudur: “Cəlil Məmmədquluzadənin bu fotosuna diqqət yetirsək görərik ki, bu şəkil olduqca solğun bir fotodur. Diqqətlə baxsaq, belə tonlar arasında fərqi çox hiss etmirik. Pencəyi və köynəyi burada eyni rəngdə görünür. Amma mən bu fotonun üzərində işləyəndən sonra göstərməyə çalışdım ki burada köynəyin rəngi tam fərqlidir. Üzünə yan tərəfdən işıq düşür və məlum olur dahi şəxsiyyətin yanında pəncərə var. Amma orjinal fotoda bunu hiss eləmək olmur”

Hələ uşaqlıqdan tarixə maraq göstərən dizayner deyir ki, bir fotonu yenidən bərpa etmək üçün mütləq tarixi bilmək, uzun-uzadı araşdırmalar aparmaq əsas şərtdir. Çünki hər bir şəkilin çəkilmə mühiti, orada olan geyimlərin dəqiq təsvirini canlandırmaq böyük məsuliyyətdir. Xüsusilə də əgər söhbət tarixi şəxsiyyətlərin fotolarından gedirsə: “Bu şəkildə Həsən Haqverdiyev və Səttar Bəhlulzadəni görürük. Bura Səttar Bəhlulzadənin emalatxanasıdır. Arxa fonda böyük bir rəsm əsəri var. Bu fotonu rəngləyərkən mütləq ciddi araşdırma etmək lazım gəldi. Çünki fotoda əlavə bir neçə tablo var. Sənədşünas Ziyadxan Əliyev bu işdə mənə kömək elədi. O, həmin arxa fonda olan tablonun orijinalını mənə göndərdi. Bundan sonra mən həmin əsərin üzərində işləməyə başladım. Foto 1959-cu ildə çəkilib və mən rəssamın köynəyinin həm dövrlərin dəbinə uyğun olduğunu fərqli fotolar əsasında müəyyən edə bildim”.

Dizaynerdən onu da öyrəndik ki, bir fotonu yenidən rəngləmək üçün bəzən saatlar, bəzən isə həftələr lazım gəlir. Bu isə yenilənən fotonun keyfiyyətindən və ya fotodakı detalların sayından asılıdır: “Biri var tək portreti rəngləyim - onu bir necə saata da işləyə bilərəm. Bir də var ki, çayxanadır və orada çoxlu şəxslər əyləşib. Eyni zamanda rəngli divarlar var. Stolun üstündə samovar, müxtəlif əşyalar var. Həmin şəkli bir həftəyə rəngləyə bilirəm. Rənglədiyim belə qarışıq şəkillərdən biri tarixi şəkil olan bu fotodur. Bura Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransına gedərkən toplaşdıqları hoteldir. Burada 6 nəfər əyləşib. Hər birinin üzünü, geyimlərini, masanın üzərində olan əşyaları, eləcə də divarın və divarda olan fotoların rəngini seçmək, olduğu kimi vermək olduqca çətin və məsuliyyətlidir. Həm də vaxt tələb edən işdir. Bunların hamısı o dövrün dəbinə uyğun rənglənməlidir”.

Hər bir işin öz çətinliyi olduğu kimi, köhnə fotoların rənglənməsi də olduqca mürəkkəbdir. Müsahibimiz deyir ki, əsas problem fotoların tapılması ilə bağlı olur. Təəssüf ki, Azərbaycan və azərbaycanlılarla bağlı tarixi fotoları onlayn olaraq əldə etmək mümkünsüzdür. Təbii ki, söhbət orijinal fotoların keyfiyyətli, rəqəmsal nüsxəsindən, yəni skan versiyasından gedir. Arxivlərdəki, muzeylərdəki fotoların hamısı gizli saxlanıldığı üçün onlara çatmaq olduqca çətindir: “Əvvəllər rənglədiyim fotolara indi baxanda üzərində öz səhvlərimi tapa bilirəm. Çünki əvvəl cəmi iki rəngdən istifadə edirdimsə, indi daha çox rənglərdən, yeni texnologiyalardan istifadə edirəm. Misal üçün, əvvəl üzün dərisini bir rəngdə edirdimsə, indi gözün altını, üzü, dodağı, alını belə tam fərqli rənglərdə verə bilirəm”.

Fotolar ölmüş zamanın əksidir, deyillər. Bu axının rəngləri isə ən gözəl hafizələrdə təsvir olunur. Elə rənglənmiş tarix kimi...

İlahə Vəliyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar