Yarmarkalarda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər (illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ailə-kəndli təsərrüfatları istisna olmaqla) tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsulları satışa çıxarıla bilər.
Lent.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair hazırladığı metodiki göstərişdə məlumat verilib.
Göstərişə görə, yarmarkanın təşkilatçısı yarmarkanın keçiriləcəyi ərazinin baytarlıq, fitosanitar, sanitar-epidemioloji və ekoloji tələblərə dair qaydalar və normalara uyğun olmasını təmin etməli, eyni zamanda ərazinin, piştaxtaların, daşıma vasitələrinin müntəzəm olaraq təmizlənməsi, yığışdırılması, yuyulması və dezinfeksiyası ilə əlaqədar xidmətləri təşkil etməlidir.
Metodiki göstərişdə qeyd edilib ki, yarmarkanın keçiriləcəyi ərazi satıcıların satış yerlərinin qurulmasından qısa müddət öncə və yarmarka ilə bağlı fəaliyyətlər sona çatdıqdan sonra dezinfeksiya edilməlidir.