Koronavirusun geniş yayılması bizi təlaşa salmayıb desək yalan olar. Özümüzü və doğmalarımızı qorumaq məqsədilə ya qoruyucu maskalardan, ya dezinfeksiyaedici maddələrdən gündəlik istifadə edirik. Xalq təbabətinə sığınan insanlar isə sarımsağı, soğanı bol edir ki virus ondan yan keçsin. Görəsən istifadə etdiyimiz bu qoruyucu tədbirlərlə özümüzü nə dərəcədə qoruya bilərik?
APA TV xəbər verir ki, Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri Lalə Rüstəmova deyir ki, dezinfeksiyaedici vasitələrin koronavirusa nə dərəcədə təsir etməsini bilmək üçün, sözügedən virusun ətraf mühitdə qalma şəraitini öyrənmək lazımdır: “Elmi tədqiqatların nəticələrindən bəllidir ki, aerozol şəkilində koronavirusun hissəcikləri havada 8-10 saat qala bilir. Bərk və yumşaq səth də isə 12 gün ərzində qala bilir”.
Onun sözlərinə görə dezinfeksiyaedici vasitələr koronavirus infeksiyasını tam məhv etməsə də 3-10 dəqiqə ərzində virusun xəstəlik törətmə qabiliyyətini itirir: “Dezinfeksiyaedici vasitələrdən xüsusilə koronavirus infeksiyasına qarşı sabunlu karbon məhlulu, 1 faizli fenol, 1 faizli krizol, 1 faizli formalin məhlulu, bundan başqa tərkibində aktiv xlor, 10 faizli soda məhlulunun koronavirusa qarşı yaxşı təsir göstərdiyi məlumdur və həmin vasitələrin təsirindən koronavirus 3-10 dəqiqə ərzində inaktivləşir, yəni, xəstəlik törətmə qabiliyyətini itirir”.
Həkim onu da qeyd edib ki, tibbi maskalarla koronavirusa meydan oxumaq mümkünsüzdür: “Maskaların rolunun az olması onunla əlaqədardır ki, virus hissəciklərinin ölçüsü çox kiçikdir. Təsəvvür edin ki, ancaq elektron mikroskopda bu mikro orqanizmləri görmək olur. O qədər kiçik ölçüyə malikdir ki, bizim istifadə etdiyimiz maskalar bu virusları saxlama iqtidarında deyil. Ümumiyyətlə müəyyən qədər bu xəstələrin öskürməyi, asqırmağı zamanı bir sıra infeksiyaların qarşısına ala bilər”.
Şöbə müdiri deyir ki, virusla mübarizə aparmaq üçün əlcəklərdən istifadə edən şəxslər əmin ola bilərlər ki, sözügedən qoruyucu vasitənin dəriyə heç bir ziyanı yoxdur: “Tədqiqatlar aparılmayıb ki, bu əlcəklərdən gün ərzində neçə saat istifadə etməyin hansısa zərərli təsiri ola bilər yaxud olmaz. Bilirsiniz ki, əlcəklər tibb sahəsində gün ərzində istifadə olunur”.
Lalə Rüstəmova özünü spirtli içkilər qəbul edərək qorumaq istəyənlərə də xəbərdarlıq edib: “Düzdür spirt tərkiblidir, bəlkə düşünürlər ki, o virusa qarşı təsir edir. Xeyir, belə bir məlumatlar tibb elminə məlum deyil. Amma ola bilər ki, müxtəlif fetonzit tərkibli, məsələn sarımsaqda ora daxildir, soğanda daxildir. Bunların konkret koronavirusa demək olmaz. Amma ümumiyyətlə müəyyən xəstəliklərə qarşı müəyyən təsirinin olması haqqında xalq təbabətində məlumatlar var”.
Hər halda öz qeydimizə bizdən yaxşı qalan olmaz deyib sağlığımıza diqqət etməliyik. Amma unutmaq lazım deyil ki, verilən tövsiyələrə əməl etmək, kütləvi insanların arasında olmaqdan çəkinmək, toy-yas mərasimlərinin keçirilməsini təxirə salmaq ancaq özümüzü qorumaq üçün düşünülmüş addımdır.