Ramazan ayının niyyəti - İLAHİYYATÇIDAN MƏSLƏHƏTLƏR
24 aprel 2020 16:29 (UTC +04:00)

Ramazan ayının niyyəti - İLAHİYYATÇIDAN MƏSLƏHƏTLƏR

Azərbaycanda sabahdan Ramazan ayı başladığından bu gecə niyyət gecəsidir. Hər bir oruc tutan insan Ramazana daxil olarkən niyyətlənər. Mübarək ayın niyyəti necə tutulmalıdır? Hansı əməlləri etmək, nə cür sözlər demək məsləhətdir?

Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev Lent.az-a bu barədə danışıb.
O bildirib ki, Ramazan ayının niyyəti kimi hər bir müsəlman dilində niyyət edə bilər:"Niyyət etmək istəyən insan, bir ayın orucunu tutmaq üçün niyyətlənirəm, deyə bilər. Yaxud niyyətini dilinə gətirməsə də olar. Belə ki, gecə kimsə ondan nə üçün qalxdığını soruşsa, Ramazan ayının orucunu tutmaq üçün olduğunu deyərsə, bu da niyyət üçün keçərlidir. Əməllər olaraq qüsl almaq məsləhətdir. Ramazan ayı üçün "qüsl alıram, Ramazan ayına daxil olmaq üçün bu ayın qüslünü alıram" demək məsləhətli əməldir. Bundan başq, çoxlu dua etmək olar. Niyyət gecəsində edilən dualar Rəbbimiz qatında məqbuldur".


R.Qarayev vurğulayıb ki, Ramazan ayının daxil olduğu ərəfədə baş verənlərlə bağlı fikirlərə hədislərdə də yer verilib: "Hədislərdə buyurulur ki, həmin gün Cənnətin qapısı açılar, Cəhənnəmin qapısı bağlanar. Yer üzündə şeytanlar zəncirlənmiş olar. Uca Rəbbimiz Rizvanı çağırar və Cənnətin qapısını bir ay boyunca insanların üzünə açmasını, Maliki çağırıb Cəhənnəmin qapısını bəndələrinin üzünə bağlamasını istəyər. Cəbrayıl əleyhissəlama Yer üzündə şeytanları zəncirləməsini əmr edər. Beləliklə də mübarək Ramazan ayı bütövlükdə rəhmət və bərəkətlə dolar. Bu ayda Allahın mömin qulları Ramazana olan hörmətlərini Rəbbimizin buyurduğu kimi gözəl şəkildə saxlayarlarsa,  Cənnət də onlar üçün bəzədilər.


Uca Rəbbimiz bu mübarək ayı Vətənimizə, millətimizə xeyirli, bərəkətli etsin. Allahın izni ilə gecələrimiz bərəkətli olsun. Uca Rəbbimiz xalqımızın üstündə olan bütün çətinlikləri və sıxıntıları aradan qaldırsın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3506
avatar

Aygün İbrahimli

Oxşar yazılar