Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacaq.
Təhsil eksperti Kamran Əsədov isə bunu yanlış hesab edir.
Lent.az-ın verdiyi xəbərə görə, K.Əsədov bildirib ki, bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslikləri əhatə etməlidir: "Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz.
Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz, o termindən istifadə edə bilməz".
Ekspert qeyd edib ki, 10 sinif Biologiya dərsliyinin 3-cü - epidemologiya bölməsində 9-cu paraqraf, 26-cı səhifədə viruslar və bakteriyalara yer ayrılıb: "Orada müxtəlif növ viruslar bardə məlumat verilib. Qəbul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test predmeti etmək olmaz. Bəli, viruslardan test tapşırığı salına bilər. Amma bu orta məktəb kitablarında proqrama salınmış viruslardan ola bilər. Əgər dərsliklərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz".