Qəbələ İcra Hakimiyyətinin başçısı videokonfrans keçirdi - FOTO
15 aprel 2020 18:25 (UTC +04:00)

Qəbələ İcra Hakimiyyətinin başçısı videokonfrans keçirdi - FOTO

Aprelin 15-də Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərlərinin və inzibati ərazi nümayəndələrinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar video-konfrans keçirib.

Lent.az xəbər verir ki, müşavirədə Səbuhi Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Həyata keçirilən tədbirlərin fonunda Qəbələ rayonunda bu sahədə görülmüş işləri geniş təhlil edib.

Rayon icra hakimiyyətinin başçısı çıxışında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında müntəzəm olaraq geniş maarifləndirmə işləri aparılır və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunur.

Tədbirdə qeyd olunub ki, Qəbələ şəhərində və rayonun yaşayış məntəqələrindəki küçələrdə, səkilərdə, parklarda və xiyabanlarda, ictimai yaşayış binalarında və onların həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Rayonda yaşı 65-dən yuxarı olan kimsəsiz şəxslərin problemlərinin həlli rayon icra hakimiyyəti könüllülərinin, yerli icra nümayəndəliklərinin və bələdiyyə orqanlarının diqqət mərkəzində saxlanılır. Rayonda yaşayan imkansız ailələrin siyahısı dəqiqləşdirilərək onlara müvafiq qurumlar və yerli iş adamları tərəfindən daimi olaraq zəruri ərzaq yardımları göstərilir.

Rayon icra hakimiyyətinin başçısı bildirib ki, hazırda kənd təsərrüfatı sahəsində işlərin qızğın dövrü olduğuna görə bu sahədə çalışanlara aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə uyğun yaz-tarla işləri ilə məşğul olmaq üçün şərait yaradılmalıdır. Çətinliklər olduğu zaman bu barədə rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargaha məlumat verilməlidir.

Səbuhi Abdullayev sonda bir daha ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışmış, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini vurğulayıb.

İcra başçısı bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.

Video-konfransda iştirak edən inzibati ərazi nümayəndələri yaşayış məntəqələrində xüsusi karantin tədbirləri ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.

Rayonun əlaqədar təşkilatlarının rəhbərləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin nəzarətdə saxlanılması məqsədilə bütün karantin rejimində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi və gücləndirilməsi istiqamətində səylərini artıracaqlarını bildiriblər.

Tədbirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar