Bakı metrosunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti və stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar. Polis əməkdaşları metrostansiyaya qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin stansiyaların girişlərində yoxlama məntəqələrində sosial məsafəni qorumağın vacibliyi xatırladılır, hərarətin ölçülməsi tətbiq edilir.
Bakı metrosunda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 6:00-dək uzadılıb.