“Sozcu.az” saytının baş redaktoru Baş Proukurorluğa dəvət olunub.
Baş prokurorluqdan Lent.az-a verilən məlumaat görə, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla “sozcu.az” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulduğu üçün saytın baş redaktoruna xəbərdalıq edilib. Saytda ictimaiyyətdə təşvişə səbəb olan “COVID-19” adlanan virus və ya koronavirus epidemiyası ilə bağlı ölkəmizdə süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar portalın təsisçisi Məmmədov Elşən Əli oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb. Ona gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.